Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ
Qahirə, 5 oktyabr, AZƏRTAC
Azərbaycan ilə ərəb dünyası arasında münasibətlər müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət, elm və ədəbiyyat sahələrində inkişaf edir. Müxtəlif mədəniyyətlərin qarşılıqlı tanıdılması, ədəbi nümunələrin tərcüməsi və birgə elmi-mədəni layihələrin həyata keçirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verir.
Hazırda ADA Universitetində və İnkişaf və Diplomatiya İnstitutunda (IDD) qonaq tədqiqatçı kimi fəaliyyət göstərən, eyni zamanda mədəniyyət məsələləri üzrə məsləhətçi, Səudiyyə Ərəbistanının "UFM" radiosunun aparıcısı, bədii qiraət müsabiqələrinin münsiflər heyətinin üzvü və uşaq yazıçısı Əhməd Tabeici AZƏRTAC-a müsahibəsində mədəniyyətlərarası dialoq, Azərbaycan–ərəb dünyası əlaqələri, ədəbiyyatın cəmiyyətdə rolu və uşaqların mütaliəyə cəlb edilməsi məsələlərindən bəhs edib.
– Hazırda ADA Universitetində qonaq tədqiqatçı kimi hansı mövzu üzərində çalışırsınız?
– ADA Universitetinin və universitetin İnkişaf və Diplomatiya İnstitutunun qonaq tədqiqatçı proqramına qoşulmaqdan məmnunam. Hazırda multikulturalizm, Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikasında ədəbi təcrübələrin multikulturalizm anlayışından birgəyaşayış və qarşılıqlı əlaqə mərhələsinə keçiddə rolunu araşdırıram.
Bu mövzunu seçməyimin əsas səbəblərindən biri hər iki ölkədə mövcud olan mədəni müxtəliflikdir. Maraqlıdır ki, bu müxtəliflik yalnız nəzəri anlayış olaraq qalmır. Yazı, mütaliə və müxtəlif ədəbi tədbirlər kimi praktikalar vasitəsilə mədəni müxtəliflik gündəlik həyatın bir hissəsinə çevrilə bilir.
Bu proses insanların və icmaların öz mədəni xüsusiyyətlərini qorumasına, eyni zamanda onları vahid milli mədəni kimlik çərçivəsində bir araya gətirməsinə imkan yaradır.
Mənim üçün ədəbiyyat sadəcə kitab deyil. Ədəbiyyat insanın özünü ifadə forması olmaqla yanaşı, həm də cəmiyyətlər arasında əlaqə yaradan yumşaq gücdür. O, müxtəlif təcrübələri, düşüncələri və dəyərləri bir araya gətirərək daha möhkəm sosial strukturun formalaşmasına xidmət edə bilər.
– Sizcə, Azərbaycan ilə ərəb dünyası arasında mədəni və elmi əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atıla bilər?
– Azərbaycan və ərəb mədəniyyətləri arasında qədim və bir-biri ilə əlaqəli tarix mövcuddur. Bu tarixi və mədəni yaxınlığı müasir elmi və mədəni əməkdaşlıq layihələri ilə daha da möhkəmləndirmək mümkündür.
Bu istiqamətdə bir neçə mühüm addımı qeyd edə bilərəm. İlk növbədə, ortaq mövzular üzrə tədqiqat aparan alim və araşdırmaçılar üçün proqramların və qrant imkanlarının artırılması vacibdir.
Digər mühüm istiqamət ədəbi əsərlərin qarşılıqlı tərcüməsidir. Azərbaycan ədəbiyyatının ərəb auditoriyasına, ərəb ədəbiyyatının isə Azərbaycan oxucusuna daha geniş şəkildə təqdim edilməsi xalqların bir-birini daha yaxından tanımasına imkan verər.
Bununla yanaşı, birgə konfransların, elmi seminarların, ədəbi görüşlərin keçirilməsi, mədəniyyət və ədəbiyyat həftələrinin təşkili də əlaqələrin inkişafına mühüm töhfə verə bilər.
– Müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın əldə olunmasında ən mühüm amil nədir?
– Məncə, əsas məsələ ortaq bağların müəyyənləşdirilməsi, fərqliliklərə hörmətlə yanaşılması və mədəniyyətlər arasında bərabərhüquqlu tərəfdaşlıq imkanlarının yaradılmasıdır.
– Bir ölkənin mədəniyyətini xarici auditoriyaya təqdim edərkən hansı məqamlara diqqət yetirilməlidir?
– Ən vacib məsələlərdən biri mədəniyyəti təqdim edərkən həm məlumatlı, həm də həssas olmaqdır. Mədəniyyət auditoriyanın özünəməxsus xüsusiyyətləri və konteksti nəzərə alınmaqla təqdim edilməlidir.
Eyni zamanda, mədəniyyətin orijinallığı qorunmalı, onun stereotiplərə əsaslanan təsvirinə yol verilməməlidir.
– Siz mütaliə müsabiqələrinin münsiflər heyətinin üzvü kimi də fəaliyyət göstərmisiniz. Uşaqları kitaba cəlb etməyin ən səmərəli yolu, sizcə, hansıdır?
– Kitabla dostluq uşaqlıqdan başlayır. Lakin hər yaş qrupunun özünəməxsus maraqları və motivasiya üsulları var. Buna görə də uşaqları mütaliəyə həvəsləndirərkən onların yaş xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Ən səmərəli üsullardan biri hekayələri maraqlı və cəlbedici formada təqdim etməkdir. Uşaq oxuduğu mətnin içində özünü tapmalı, hadisələrlə emosional bağ qura bilməlidir.
Uşaqlar üçün yazarkən həddindən artıq didaktik və birbaşa yanaşmadan da çəkinmək lazımdır. Ədəbiyyat uşağa hazır cavablar verməkdənsə, onun düşünməsinə, suallar verməsinə və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmalıdır.
Ailədə mütaliə üçün xoş bir mühitin formalaşdırılması da çox vacibdir. Uşaq kitab oxumağı ailə ilə birlikdə keçirilən xoş vaxtın bir hissəsi kimi qəbul etdikdə kitaba münasibəti də dəyişir.
Bundan əlavə, hekayələr əsasında müxtəlif oyunlardan və təlim fəaliyyətlərindən istifadə etmək, uşaqlarla oxuduqları əsərlər və onların mənası barədə söhbətlər aparmaq mütaliəyə marağın artırılmasına kömək edə bilər.
– Uşaqlar üçün 12 hekayə yazmısınız. Əgər sizdən azərbaycanlı uşaqlar üçün xüsusi bir hekayə yazmağınız xahiş olunsaydı, hansı mövzunu seçərdiniz?
– Çox maraqlı bir hekayə qurmaq olardı. Süjetin mərkəzində azərbaycanlı və səudiyyəli iki uşağın yer almasını təsəvvür edirəm. Mənim təsəvvürümdə bu hekayənin qəhrəmanları biri azərbaycanlı, digəri isə səudiyyəli olan iki uşaq olardı.
Onlar hekayə boyu hər iki ölkənin tarixi və mədəni irsi ilə tanış olardılar. Səyahət həm real, həm də nağılvari elementləri özündə birləşdirərdi. Uşaqlar Azərbaycan və Səudiyyə Ərəbistanının tarixi abidələrini, mədəni irsini və ənənələrini kəşf edərkən bir-birlərinin mədəniyyətini öyrənərdilər.