Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK
Bakı, 6 oktyabr, AZƏRTAC
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Böyük Britaniyaya 3 milyard 480 milyon 503,5 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,5 dəfə və ya 3 milyard 239 milyon 921,33 min dollar artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
Hesabat dövrü ərzində Azərbaycan Böyük Britaniyadan 204 milyon 594,97 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 70,3 faiz və ya 483 milyon 606,77 min dollar azdır.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 15,95 faizini, ümumi idxalının isə 1,79 faizini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan ümumilikdə 21 milyard 815 milyon 37,04 min dollar dəyərində mal ixrac olunub. İdxalın ümumi dəyəri isə 11 milyard 423 milyon 350,68 min dollar təşkil edib.
