BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb
Bakı, 6 oktyabr, AZƏRTAC
2025-ci ildə dünyada təxminən 5,8 milyon məktəbyaşlı qaçqın uşaq təhsildən kənarda qalıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) “Gələcəyə aparan yollar. Təhsil, imkanlar və müstəqillik” adlı illik hesabatına görə, bu, dünyada təxminən 13,1 milyon qaçqın uşağın 44 faizini təşkil edir.
BMT QAK xəbərdarlıq edir ki, beynəlxalq maliyyələşdirmənin azaldılması vəziyyəti daha da pisləşdirə və qaçqın uşaqların təhsilə çıxışının təmin edilməsində son illərdə əldə edilən irəliləyişi təhlükə altına ala bilər.
Hesabata görə, təhsildən kənarda qalan məktəbyaşlı qızların sayı oğlanlara nisbətən daha çoxdur. Bunun əsas səbəbləri kimi yoxsulluq, təhlükəsizlik təhdidləri, erkən nikahlar və qızları təhsillərini dayandırmağa məcbur edən digər hallar göstərilir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Bərham Saleh bildirib: “Öz qaçqınlığımın illərinə nəzər saldıqda, bunun nə demək olduğunu aydın başa düşürəm. Təhsil mənə həyatımı yenidən qurmağıma və gələcək perspektivlərimi formalaşdırmağıma kömək etdi”.
Eyni zamanda, qaçqınların ali təhsilə çıxışı tədricən yaxşılaşır. 2025-ci ildə universitetlərdə təhsil alan qaçqınların payı əvvəlki ildəki 9 faizdən 11 faizə çatıb. Eyni zamanda, 450 mindən çox qaçqın ilk dəfə ali təhsil alıb. Bu, indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.
Hesabatda qeyd olunur ki, təhsil imkanları qeyri-bərabər olaraq qalır. Məlumat təqdim edən ölkələrin 80 faizindən çoxunda universitet tələbələri arasında qaçqınların payı milli orta göstəricidən aşağıdır. Aşağıgəlirli ölkələrdə və münaqişələrdən təsirlənən dövlətlərdə qaçqınların yalnız 2 faizi ali təhsilini başa vurur.
BMT QAK beynəlxalq ictimaiyyəti və inkişaf tərəfdaşlarını təhsil proqramları üçün maliyyələşdirməni davam etdirməyə və qaçqınları qəbul edən ölkələrin milli təhsil sistemlərinə daha fəal şəkildə investisiya qoymağa çağırıb.