Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür
Bakı, 6 oktyabr, AZƏRTAC
Müəllim yalnız tarixi və ədəbi məlumatları öyrədən şəxs deyil, həm də milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və mədəni irsin gələcək nəsillərə ötürülməsində əsas vasitəçidir.
Bu fikirləri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Yusifova AZƏRTAC-a açıqlamasında deyib.
Onun sözlərinə görə, əlyazmalar xalqımızın çoxəsrlik elmi, ədəbi, fəlsəfi və mədəni düşüncəsini özündə yaşadan qiymətli mənbələrdir. “Gənclərin bu irsə marağının formalaşdırılması onların əlyazmaların yalnız qədim kitab deyil, milli yaddaşımızın canlı daşıyıcısı olduğunu dərk etməsindən başlayır”, – deyə dosent vurğulayıb.
O qeyd edib ki, müəllim dərslər zamanı əlyazmaların yaranma tarixi, müəllifləri, məzmunu və Azərbaycan elmi-mədəni həyatındakı rolu haqqında məlumat verməklə yanaşı, şagird və tələbələrdə tədqiqat marağı da formalaşdırmalıdır.
Onun fikrincə, gənclərin əlyazmalara marağını artırmaq üçün bu irs müasir və cəlbedici üsullarla təqdim edilməlidir. Bu baxımdan rəqəmsal texnologiyaların imkanlarından geniş istifadə edilməli, əlyazmaların elektron nüsxələri, virtual sərgiləri, interaktiv kataloqları və maarifləndirici videolar hazırlanmalıdır.
Dosent qeyd edib ki, məktəb və universitetlərdə əlyazma fondlarına ekskursiyaların, açıq dərslərin, ustad dərslərinin və praktiki məşğələlərin təşkili də gənclərin marağını əhəmiyyətli dərəcədə artıra bilər: “Müəllimin əsas vəzifəsi hazır məlumatı təqdim etməkdən daha çox, tələbədə suallar yaratmaqdır. “Bu mətn bizə nə deyir?”, “Onu kim və nə üçün yazıb?”, “Bu əsər tariximiz haqqında hansı yeni məlumatı verir?” kimi suallar gənci araşdırmağa sövq edir”.
Onun sözlərinə görə, əlyazmalarla işləyən gənc tədqiqatçı ilk növbədə səbirli, diqqətli, məsuliyyətli və analitik düşüncəyə malik olmalıdır.
Əlyazma üzərində tədqiqat yalnız mətnin oxunması və təhlili ilə məhdudlaşmır. Burada mətnin yaranma dövrünün, müəllifinin, katibinin, dil və üslub xüsusiyyətlərinin, nüsxələr arasındakı fərqlərin, kağızının və xəttinin müəyyənləşdirilməsi də mühüm əhəmiyyət daşıyır.
X.Yusifova bildirib ki, gənc tədqiqatçının ərəb, fars, osmanlı türkcəsi və qədim türk yazılı mətnləri ilə işləmək bacarığı, paleoqrafiya və mətnşünaslıq sahəsində bilikləri mühüm üstünlükdür.
Müasir dövrdə bunlara rəqəmsal bacarıqların da əlavə edilməsinin vacibliyini qeyd edən alim bildirib ki, əlyazmaların rəqəmsallaşdırılması, elektron kataloqlaşdırılması və rəqəmsal humanitar elmlərin metodlarından istifadə tədqiqatçılar üçün yeni imkanlar yaradır.
Alim gənc tədqiqatçılara mənbə ilə işləmək mədəniyyətinə yiyələnməyi, hazır məlumatı təkrarlamaq əvəzinə əlyazmanın özündən yeni faktlar üzə çıxarmağa çalışmağı tövsiyə edib.
Müxbir-Tünzalə Arazlı