Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”
Göygöl, 6 oktyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göygöl rayonunda “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda regional konfrans keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Göygöl şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Milli Məclisin deputatı Kamran Bayramov çıxış ediblər.
Tədbir işini “Müxtəliflik şəraitində birgəyaşayış və qarşılıqlı hörmət” və “Fərqli inanclar, ortaq dəyərlər: müasir çağırışlar fonunda birgə məsuliyyət” mövzuları üzrə panel müzakirələrlə davam etdirib.
Müxbir - Elcan Məmmədov