Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib
Antalya, 6 oktyabr, AZƏRTAC
“Azərkosmos” Türkiyənin Antalya şəhərində keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu il “Dünyanın daha çox kosmosa ehtiyacı var” mövzusunda təşkil edilən tədbirdə müxtəlif ölkələrdən alimlər, mühəndislər, sahibkarlar, akademiklər və tələbələr bir araya gələrək kosmos tədqiqatlarının gələcəyi ilə bağlı fikir mübadiləsi aparırlar. Konqres çərçivəsində kosmosun dayanıqlı inkişafı, beynəlxalq əməkdaşlıq, innovativ texnologiyalar və kosmosun cəmiyyət üçün strateji rolu müzakirə olunur.
“Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov tədbir çərçivəsində keçirilən 3-cü Qlobal Kosmik Liderlər Sammitində çıxış edib. Çıxış zamanı kosmik texnologiyaların iqlim dəyişiklikləri, təbii fəlakətlər, ərzaq və su təhlükəsizliyi, ətraf mühitin deqradasiyası və sürətli urbanizasiya kimi qlobal çağırışların həllində əhəmiyyəti vurğulanıb.
Dunay Bədirxanov bildirib ki, kosmik fəaliyyətlərin uğurunun ən mühüm göstəricilərindən biri onun Yer üzündə yaratdığı müsbət təsirdir. Bu baxımdan peyk məlumatlarının vaxtında, etibarlı və qərarvermə üçün əlçatan məlumata çevrilməsi xüsusi əhəmiyyət daşıyır.
Çıxış zamanı “Azərkosmos”un Yerin müşahidəsi və coğrafi informasiya sistemləri (GIS) imkanları barədə məlumat verilib. Qeyd olunub ki, peyk təsvirlərinin qabaqcıl analitika və süni intellektlə inteqrasiyası fəlakətlərdən əvvəl, fəlakət zamanı və sonrasında daha sürətli və əsaslandırılmış qərarların qəbul edilməsinə imkan yaradır. Bu imkanlar kənd təsərrüfatı, ətraf mühitin monitorinqi, infrastrukturun planlaşdırılması, fəlakət risklərinin idarə olunması və iqlim dayanıqlığının gücləndirilməsi kimi sahələrdə tətbiq olunur. Bu istiqamətdə “Azərkosmos”un hazırladığı rəqəmsal həllərdən, o cümlədən “FarmerApp”, “Platerra” və “WebGIS” kimi məhsullardan bəhs edilib.
Qlobal Kosmik Liderlər Sammiti dünyanın 50-dək ölkəsinin kosmik agentliklərinin liderlərini bir araya gətirərək təcrübə mübadiləsinə, innovativ layihələrin təqdimatına və gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradıb.
Bununla yanaşı, konqresdə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın 80 nəfərlik Milli Elmi Komandası da təmsil olunur. Komanda üzvləri konqres çərçivəsində hazırladıqları elmi məqalələri təqdim edərək, elmi araşdırmalarını beynəlxalq auditoriya ilə bölüşürlər.
Qeyd edək ki, Azərbaycan 77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təqdim olunan elmi məqalələrin sayına görə 108 ölkə arasında ikinci yeri tutub. Ölkəmiz 814 elmi məqalə ilə dünyada ikinci yerdə qərarlaşıb.
Həmçinin tədbir çərçivəsində kosmik avadanlıqların yerüstü sınaqlarının həyata keçirilməsinə imkan verən “Azərkosmos”un mühəndisləri tərəfindən hazırlanmış termal-vakuum kamerasının (TVAC – Thermal Vacuum Chamber) texniki imkanları təqdim olunur.
77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilən görüş və müzakirələr kosmik texnologiyaların dayanıqlı inkişafı, fəlakət risklərinin azaldılması və cəmiyyətin rifahının yüksəldilməsi istiqamətində tətbiq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.