Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir
Bakı, 6 oktyabr, AZƏRTAC
VNG AG və SOCAR bu günlərdə uzunmüddətli tərəfdaşlıq sazişi bağlayıb.Tərəfdaşlıq çərçivəsində iki əsas məqsəd – qısamüddətli və uzunmüddətli istiqamətlər müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə VNG AG-nin Korporativ İnkişaf üzrə rəhbəri Oliver Hill Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, qısamüddətli hissə Avropanı enerji, o cümlədən təbii qazla təmin etməkdir. Uzunmüddətli hissə isə energetika biznesinin bugünkü qazıntı yanacaqlarından bir neçə ildən sonra keçiləcək dekarbonizasiya olunmuş dünyaya transformasiyasıdır.
“Artıq ilin əvvəlindən Avropa Azərbaycan qazının idxalına başlayıb. Biz həcmi artırmaq istərdik. Bu, bizim məqsədlərimizdən biridir və əməkdaşlığımızın bir hissəsidir. Uzunmüddətli perspektivdə energetika transformasiyasının Avropaya və Azərbaycana qarşılıqlı gətirilməsi nəzərdə tutulur. İdeyamız həm də ondan ibarətdir ki, biz Azərbaycan üçün 15-20 illik uzunmüddətli tədarükləri təmin edək. Daha sonra əldə ediləcək imkanlar hesabına Azərbaycandakı infrastruktura da sərmayə qoymaq və uzunmüddətli perspektivdə Avropaya hidrogen və ya biometan kimi məhsulların tədarükünü inkişaf etdirmək mümkün ola bilər”, - deyə nümayəndə bildirib.