Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq
Bakı, 6 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası kafedrasının dosenti Vüqar Dərgahovun rəhbərliyi ilə “Qarabağ və Şərqi Zəngəzurun mədəni irs resurslarının məkan analizi və turizm potensialının qiymətləndirilməsi” elmi-tədqiqat layihəsi Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibləri sırasında yer alıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının tarixi-mədəni və etnomədəni irs resurslarının kompleks tədqiqi, onların elmi təsnifatının və məkan analizinin aparılması, turizm potensialının qiymətləndirilməsi və bu əsasda regionda mədəni turizmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir. Bununla yanaşı, regionun tarixi-mədəni və etnomədəni irs resurslarının sistemli inventarizasiyasının aparılması, mədəni irs obyektlərinin növü, coğrafi yerləşməsi, qorunma vəziyyəti və turizm əhəmiyyəti üzrə məlumat bazasının formalaşdırılması, maddi və qeyri-maddi mədəni irs elementlərinin turizm resursu kimi istifadə imkanlarının, bu istifadənin iqtisadi və sosial təsirlərinin araşdırılması, irsin qorunması ilə turizmin dayanıqlı inkişafını uzlaşdıran elmi əsaslandırılmış tövsiyələrin hazırlanması nəzərdə tutulur.
Tədqiqat coğrafi informasiya sistemləri (CİS) və kartoqrafik modelləşdirmə vasitələrinə əsaslanır. Bu vasitələrlə mədəni irs obyektlərinin məkan strukturu, onların bir-biri və turizm infrastrukturu ilə qarşılıqlı əlaqələri öyrəniləcək. Resursların yerləşməsi, əlçatanlığı və istifadə imkanlarının əlaqəli şəkildə qiymətləndirilməsi onların turizm sistemindəki rolunu müəyyən etməyə və inkişaf prioritetlərini elmi əsaslarla seçməyə imkan verəcək.
Resursların ekonometrik metodlarla qiymətləndirilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaq: tarixi-mədəni əhəmiyyət, turizm cəlbediciliyi, müqayisəli üstünlüklər, əlçatanlıq, infrastruktur təminatı və davamlı istifadə imkanları. Aparılan təhlillər əsasında mədəni turizmin inkişafı üçün perspektiv ərazilər və turizm mərkəzləri müəyyənləşdiriləcək, turizm klasterlərinin formalaşdırılması imkanları qiymətləndiriləcək.
Tədqiqatın mühüm istiqamətlərindən biri tarixi-mədəni obyektləri, etnoqrafik yaşayış məskənlərini və mədəni landşaft elementlərini birləşdirən turizm marşrutlarının hazırlanmasıdır. Bu çərçivədə turizm klasterlərinin və “Dairəvi” modelin tətbiqinin elmi əsasları işlənəcək, təklif olunan marşrutların CİS mühitinə inteqrasiyası təmin ediləcək. Beynəlxalq təcrübənin və oxşar turizm istiqamətlərinin müqayisəli öyrənilməsi regionun mədəni turizm sahəsində rəqabət imkanlarının qiymətləndirilməsinə xidmət edəcək.
Layihənin elmi əhəmiyyəti tarixi-mədəni, etnomədəni və ekomədəni irs resurslarının məkan baxımından sistemli öyrənilməsi, müasir metodlarla qiymətləndirilməsi və regional inkişafdakı rolunun müəyyən edilməsi ilə müəyyənləşir. Əldə ediləcək nəticələr mədəni irs coğrafiyası, turizm və regional inkişaf tədqiqatları üçün yeni empirik məlumatlar təqdim edəcək, irs resurslarının qorunması ilə iqtisadi istifadəsi arasındakı əlaqələrin daha dərindən araşdırılmasına imkan yaradacaq. Nəticələrin təkcə Qarabağ və Şərqi Zəngəzur üçün deyil, bütövlükdə Azərbaycanda mədəni irsə əsaslanan turizmin inkişafı və regional turizm planlaşdırılmasının təkmilləşdirilməsi üçün də əhəmiyyət daşıdığı nəzərdə tutulur.
Əldə ediləcək nəticələrin aidiyyəti qurumlar üçün elmi baza yaratması və beynəlxalq elmi mühitdə təqdim olunması hədəflənir. Layihə Qarabağ və Şərqi Zəngəzurun zəngin mədəni irsinin qorunmasına, tanıdılmasına və regionun dayanıqlı turizm inkişafına töhfə verməklə yanaşı, BDU-nun elmi potensialının işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafı məsələlərinə yönəldilməsi baxımından da mühüm addım hesab olunur.
Müxbir - Tünzalə Arazlı