® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib
Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero Azərbaycanın biznes dairələri ilə görüş keçirib.
Səfirin təşəbbüsü ilə Meksikanın Azərbaycandakı diplomatik nümayəndəliyinin iqamətgahında təşkil olunan şam yeməyində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, “Caspian Energy Club International”ın idarəedici direktoru Rasim Mahmudov, “Caspian Energy Club”ın idarəedici direktoru Günel Quliyeva və klubun bir sıra üzvləri iştirak ediblər.
Görüşün əsas məqsədi Azərbaycan şirkətlərini Meksikada mövcud biznes və investisiya imkanları barədə məlumatlandırmaq, eyni zamanda, Meksika tərəfinə Azərbaycanın biznes və investisiya potensialı, ölkədə fəaliyyət göstərən şirkətlərin imkanları və əməkdaşlıq perspektivləri barədə daha geniş məlumat təqdim etmək olub.
Görüş, həmçinin avqustun 25-də Meksikanın Xarici Ticarət, İnvestisiya və Texnologiyalar üzrə Biznes Şurasının (COMCE), “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə I Beynəlxalq “AZEXIM FORUM Mexico-Azerbaijan” forumunun xüsusi sessiyası çərçivəsində aparılan müzakirələrin davamı olaraq təşkil olunub. Səfir Mariya Viktoriya Romero Kabalyero forumda çıxış edən spikerlərlə şəxsən görüşərək onların təqdim etdiyi mövzular, təmsil etdikləri şirkət və qurumların fəaliyyəti, eləcə də Azərbaycan və Meksika arasında biznes əməkdaşlığının inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmaqda maraqlı olduğunu bildirib.
Görüş zamanı iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, qarşılıqlı ticarət və investisiya imkanlarının artırılması, yeni biznes əlaqələrinin qurulması və birgə layihələrin reallaşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Mariya Viktoriya Romero Kabalyero Meksikanın müxtəlif iqtisadi sektorlarında xarici şirkətlər üçün mövcud imkanlar, investisiya mühiti və Azərbaycan biznesi üçün əməkdaşlıq perspektivləri barədə məlumat verib.
Öz növbəsində, “Caspian Energy Club”ın rəhbərliyi və görüşdə iştirak edən şirkət nümayəndələri Azərbaycanın biznes mühiti, ölkənin regional və beynəlxalq iqtisadi əlaqələrdə rolu, eləcə də Azərbaycan şirkətlərinin xarici bazarlara çıxış imkanları barədə məlumatları diqqətə çatdırıblar.
Tərəflər biznes dairələri arasında qarşılıqlı səfərlərin və B2B görüşlərin təşviqinin, eləcə də yeni əməkdaşlıq formatlarının yaradılmasının iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına töhfə verə biləcəyini qeyd ediblər.
“Caspian Energy Holding” haqqında qısa məlumat:
İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.