Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan və Almaniya arasında güclü ticarət əlaqələri mövcuddur. Bununla yanaşı, qarşılıqlı əməkdaşlığın yalnız ticarətlə məhdudlaşmaması və daha geniş iqtisadi tərəfdaşlığın formalaşdırılması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Nərgiz Viek mətbuat konfransında deyib.
N.Viekin sözlərinə görə, Azərbaycan şirkətlərinin Almaniya və Avropanın dəyər zəncirlərinə daha fəal inteqrasiyası, Almaniya şirkətlərinin isə Azərbaycanda həyata keçirilən layihələrdə və yaradılan dəyərdə iştirakının artırılması üçün geniş imkanlar mövcuddur.
O qeyd edib ki, Orta Dəhlizin inkişafı bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformadır: “Orta Dəhliz Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında investisiyalar, sənaye əməkdaşlığı və daha güclü iqtisadi inteqrasiya üçün platformaya çevrilə bilər. Nəqliyyat və logistika infrastrukturunun inkişafı ilə yanaşı, rəqəmsallaşma, enerji və yaşıl enerji sahələrində əməkdaşlığın gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır”.
N.Viek bildirib ki, Almaniya şirkətləri bu sahələrdə texnologiya, mühəndislik, avadanlıq, rəqəmsal həllər, maliyyələşdirmə və layihələrin hazırlanması istiqamətlərində Azərbaycanın tərəfdaşları ola bilərlər. Məqsəd Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığında mövcud potensialı konkret layihələrə çevirmək və uzunmüddətli biznes tərəfdaşlığını gücləndirməkdir.