Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
Paris, 6 oktyabr, AZƏRTAC
Fransada 18-29 yaşlı gənclərin böyük əksəriyyəti öz nəsillərinin əvvəlki nəsillərlə müqayisədə daha çətin həyat yaşayacağını düşünür. Aix-Marseille Universiteti (AMU) və “Jeunesse 2027” kollektivi üçün Ipsos-BVA sorğu institutu tərəfindən aparılan araşdırma gənclər arasında nəsillərarası sosial geriləmə hissinin güclü olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, araşdırmaya görə, gənclərin 89 faizi pensiya almaq üçün əvvəlki nəsillərdən daha uzun müddət işləməli olacağını düşünürlər. Onların 86 faizi ev sahibi olmağın, 84 faizi isə sabit iş tapmağın onlar üçün daha çətin olacağını hesab edirlər. Respondentlərin 78 faizi siyasi dairələr tərəfindən digər nəsillərlə müqayisədə daha az dinlənildiyini bildirir.
Bununla belə, gənclərin dörddəüçündən çoxu hazırkı həyatından məmnundur. Tədqiqat müəllifləri onların şəxsi peşəkar gələcəklərinə inamla yanaşı, ölkənin və dünyanın gələcəyi ilə bağlı ciddi narahatlıq keçirdiyini qeyd edirlər. Gənclərin 76 faizi Fransanın, 74 faizi isə dünyanın gələcəyindən narahatdır.
Gənclərin əsas problemləri arasında alıcılıq qabiliyyəti və həyat səviyyəsi (34 faiz), təhlükəsizlik (25 faiz), ətraf mühitin qorunması (24 faiz), ayrı-seçkilik və zorakılıq (24 faiz), sosial bərabərsizlik və qeyri-sabitlik (23 faiz) önə çıxır. Araşdırmanın müəlliflərinə görə, ümumilikdə “ləyaqətli yaşamaq” fransız gənclərinin əsas prioritetinə çevrilib.
2027-ci il prezident seçkilərinə də maraq yüksəkdir: gənclərin 75 faizi seçki ilə maraqlandığını, 10 nəfərdən 8-i isə səs verməyi düşündüyünü bildirir. Bununla yanaşı, onların təxminən üçdə ikisi gələcək prezidentliyə namizədlərin gənclərin problemlərini nəzərə alacağına inanmır.