Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan iqtisadiyyatının perspektivləri haqqında danışarkən enerji amilini nəzərdən kənarda saxlamaq mümkün deyil. Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında partiyanın Sədri, Prezident İlham Əliyev proqram xarakterli çıxışında Azərbaycanın neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları, gübrə istehsalı və ixracı sahəsində imkanlarını qeyd etdi. Eyni zamanda, yeni müqavilələrin neft hasilatının sabitləşdirilməsinə və artırılmasına, qaz sahəsində isə əlavə hasilat imkanlarının yaranmasına xidmət edəcəyi bildirildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.
O bildirib ki, burada mühüm məqam enerji resurslarının yalnız gəlir mənbəyi kimi deyil, Azərbaycanın regional və beynəlxalq iqtisadi rolunu gücləndirən strateji amil kimi təqdim edilməsidir.
“Dünya enerji bazarlarında baş verən dəyişikliklər fonunda enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşır. Azərbaycanın enerji istehsalçısı və ixracatçısı kimi mövqeyi isə ölkənin iqtisadi və geosiyasi əhəmiyyətinə təsir edən amillərdən biri olaraq qalır. Lakin çıxışın ümumi məntiqindən görünür ki, perspektiv yalnız enerji sektoru ilə məhdudlaşmır. Əksinə, enerji gəlirlərinin digər sahələrin inkişafına, infrastrukturun yenilənməsinə və iqtisadiyyatın şaxələndirilməsinə imkan yaratması da mühüm istiqamət kimi önə çıxır”, - deyə deputat vurğulayıb.
Sadiq Qurbanov qeyd edib ki, iqtisadi gələcəyin digər mühüm istiqaməti nəqliyyat və tranzit imkanlarıdır: “Prezident İlham Əliyev Azərbaycanın ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatmasının gözlənildiyini bildirib. Eyni zamanda, orta müddətdə bu göstəricinin 30 milyon tona çatdırılması hədəfi açıqlanıb. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri bu strategiyanın əsas komponentləri kimi təqdim olunur. Bu hədəf həyata keçərsə, tranzit yalnız yükdaşımaların artması demək olmayacaq. Yeni logistika mərkəzlərinin, xidmət sahələrinin, nəqliyyat infrastrukturunun yaradılması və minlərlə yeni iş yerinin açılması üçün imkanlar genişlənə bilər. Başqa sözlə, coğrafi mövqe iqtisadi üstünlüyə çevrilə bilər.
Azərbaycanın qarşısında duran vəzifə isə bu üstünlüyü davamlı iqtisadi dəyərə çevirməkdir. Bunun üçün logistika infrastrukturunun inkişafı ilə yanaşı, gömrük və tranzit prosedurlarının səmərəliliyi, rəqəmsallaşma, xidmətlərin keyfiyyəti və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da mühüm əhəmiyyət daşıyır. Bu proses yalnız tikinti və infrastruktur layihələrinin həyata keçirilməsindən ibarət deyil, həm də yeni iqtisadi məkanın formalaşdırılması baxımından əhəmiyyətlidir. Yaşayış məntəqələrinin bərpası, yolların və kommunikasiyaların qurulması, enerji təminatı, məşğulluğun yaradılması və biznes fəaliyyətinin genişləndirilməsi həmin ərazilərin gələcək iqtisadi xəritəsini müəyyənləşdirəcək”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirləri bir araya gətirdikdə Azərbaycanın gələcək iqtisadi inkişaf modeli haqqında müəyyən mənzərə yaranır: “Bu modelin əsas elementləri iqtisadi və maliyyə sabitliyinin qorunması, xarici investisiyaların cəlb edilməsi, enerji potensialından səmərəli istifadə, nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi reinteqrasiyası və sosial rifahın yüksəldilməsidir”.