Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH
Bakı, 5 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında toxunduğu məsələlərdən biri Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr olub. İslam həmrəyliyi və əməkdaşlığında mərkəzi yer tutan Fələstin məsələsində Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən, həmin il İslam Konfransı Təşkilatına üzv olduqdan sonra fəal və ardıcıl mövqe nümayiş etdirib. Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, İslam həmrəyliyinə əsaslanır. BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, həmçinin ikitərəfli siyasi və humanitar əlaqələr müstəvisində Azərbaycan Fələstin xalqının hüquqlarını və iki dövlət prinsipinə əsaslanan sülh modelini dəstəkləyir. BMT-də Azərbaycanın səsvermə tarixçəsi də bunu göstərir. Azərbaycan Baş Assambleyada Fələstin məsələsinin həlli, Fələstinin BMT-yə üzvlüyü, Beynəlxalq Ədalət Məhkəməsinin müxtəlif məsələlər üzrə rəyinin alınması, son dövrdə isə Qəzzada atəşkəsin təmin edilməsi ilə bağlı qətnamələrin lehinə səs verib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov bildirib.
Onun sözlərinə görə, Fələstin məsələsi üzrə İslam həmrəyliyinin siyasi və praktiki baxımdan təşəkkül tapdığı əsas format İslam Əməkdaşlıq Təşkilatıdır. Təşkilat Fələstin problemi ilə yaranıb. 1969-cu ildə Əl-Əqsa məscidinin yandırılmasından sonra müsəlman ölkələrinin liderləri Rabatda bir araya gələrək İslam dünyasının ümumi maraqlarının müdafiəsi üçün institusional dialoqun əsasını qoyublar. Azərbaycan 1991-ci ildə təşkilata üzv olduqdan sonra İƏT-lə əməkdaşlığı xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin iyununda Bakıda İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyası keçirilib. Prezident İlham Əliyev həmin iclasdakı çıxışında müsəlman ölkələri arasında daha nəticəyönümlü əməkdaşlığın zəruriliyini vurğulayıb. Bu yanaşma əsasında praktiki əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər intensivləşib. 2008-ci ildə yeni Nizamnamənin qəbul edilməsi və 2011-ci ildə təşkilatın adının İslam Konfransı Təşkilatından İslam Əməkdaşlıq Təşkilatına dəyişdirilməsi institusional yenilənmənin tərkib hissəsi olub.
“Azərbaycan Fələstinlə həmrəyliyini konkret təşəbbüslərlə də ifadə edib. 2013-cü ilin iyununda Bakıda Fələstin Dövləti üçün İslam maliyyə təhlükəsizliyi şəbəkəsinin yaradılmasına dair nazirlər konfransı və Əl-Qüds Əl-Şərifə dəstək üzrə donor konfransı keçirilib. Burada Fələstin iqtisadiyyatına, infrastrukturuna, səhiyyə və təhsil sistemlərinə yardım məsələləri müzakirə olunub və 500 milyon dollar məbləğində maliyyə yardımı toplanıb. Azərbaycanın təklifi ilə Fələstinə yardımları davamlı təmin etmək məqsədilə Fələstini Dəstəkləmək üçün İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi təsis edilib. 2017-ci ildə Bakı İƏT və BMT-nin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının Həyata Keçirilməsi üzrə Komitəsinin birgə təşkilatçılığı ilə Əl-Qüdsə siyasi və iqtisadi dəstək üzrə beynəlxalq konfransa ev sahibliyi edib. 2018-ci ildə isə Fələstinin müraciəti əsasında Asiya ölkələrində akkreditə olunmuş Fələstin səfirlərinin konfransı Bakıda keçirilib”, - deyə deputat əlavə edib.
Yaxın Şərqdə əməkdaşlığın bərqərar olmasına səmərəli töhfə
Q.Məmmədov bildirib ki, Azərbaycanın 2019-2024-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi Fələstin məsələsi üzrə həmrəyliyi və dəstəyi keyfiyyətcə yeni mərhələyə çıxarıb. 2019-cu ildə Bakıda keçirilən XVIII Zirvə Görüşündə Fələstinlə bağlı ayrıca Bəyannamə qəbul olunub, Yekun Sənəddə Fələstin məsələsinə ayrıca bölmə həsr edilib. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı 2020-ci ildə ilhaq planlarına, 2021-ci ildə Şərqi Qüdsdə baş verən hadisələrə münasibət bildirib və hər il Fələstin üzrə siyasi bəyannamələr qəbul edib. 2023-cü ilin iyulunda Fələstin üzrə Nazirlər Komitəsinin növbəti iclası Bakıda keçirilib. Qəzzada müharibə başladıqdan sonra Azərbaycan Qoşulmama Hərəkatı adından humanitar fəlakətə son qoyulması və BMT qətnamələrinin yerinə yetirilməsi çağırışlarını beynəlxalq ictimaiyyətə çatdırıb. Azərbaycanın sədr ölkə kimi gündəliyin formalaşdırılmasında, toplantıların çağırılmasında və Hərəkatın siyasi mövqeyinin beynəlxalq auditoriyaya təqdim edilməsində xüsusi rolu olub.
“Azərbaycan BMT və İƏT xətti ilə Fələstinə 9,2 milyon ABŞ dollarından artıq humanitar və sosial yardım göstərib, UNRWA-ya maliyyə yardımı edib. 2023-cü ildə Ramallahda Təmsilçilik Ofisinin açılması ikitərəfli münasibətlərin yeni mərhələyə keçməsinin göstəricisi olub. Azərbaycan 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir. 2026-cı ilin iyulunda Fələstinin Baş naziri Məhəmməd Mustafa bu dəstəyə görə təşəkkürünü ifadə edib. Beləliklə, üç onillikdən artıq dövrün mənzərəsi kifayət qədər aydındır. Azərbaycan özünün təmkinli və ardıcıl siyasəti ilə Fələstin məsələsinin ədalətli həlli üçün real və təsirli addımlar atır. Kifayət qədər mürəkkəb və çoxsaylı geosiyasi çalarları olan bu məsələnin həllini həqiqətən istəyən bütün qüvvələrin emosiyalarla deyil, rasional yanaşma əsasında hərəkət etməsi Yaxın Şərq regionunda haqq-ədalətin, sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olmasına daha səmərəli töhfə verə bilər”, - deyən deputat fikirlərini yekunlaşdırıb.