Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır
Ağdam, 5 oktyabr, AZƏRTAC
Bu gün kənd təsərrüfatının qarşısında duran əsas məqsəd yalnız istehsal həcmini artırmaq deyil. Əsas hədəfimiz daha məhsuldar, səmərəli, texnoloji və rəqabətqabiliyyətli kənd təsərrüfatı sistemi formalaşdırmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdam şəhərində təşkil edilən 100-cü Yubiley Aqrar Biznes Festivalında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda rəqabət qabiliyyətinin artırılması və intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi əsas prioritetlər sırasında müəyyən olunub.
“Bu məqsədlərə nail olmaq üçün müasir texnologiyaların kənd təsərrüfatında tətbiqi mühüm əhəmiyyət daşıyır. Dəqiq kənd təsərrüfatı, peyk məlumatları, sensorlar, dronlar, “ağıllı suvarma” sistemləri və süni intellekt kimi texnologiyaların tətbiqi mühüm imkanlar yaradır. Əsas məqsədimiz isə bu texnologiyaları fermer üçün real və praktik həllərə çevirməkdir. Aqrar inkişaf, eyni zamanda, yalnız ilkin istehsalla məhdudlaşmamalıdır. İstehsal olunan məhsulun saxlanması, emalı, çeşidlənməsi, qablaşdırılması, logistikasının və soyuq zəncirinin düzgün təşkili kənd təsərrüfatında daha yüksək əlavə dəyərin yaradılmasına və yeni biznes imkanlarının formalaşmasına şərait yaradır", - deyə nazir bildirib.
Müxbir - Tahir Ağaməmmədov