Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır
Bakı, 5 oktyabr, AZƏRTAC
Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır. Şagird öyrənirsə, deməli, təhsil prosesi irəliyə doğru gedir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, təhsili və xalqı daha da irəli aparmaq üçün növbəti addımlar barədə düşünmək, mövcud yanaşmaları daim təkmilləşdirmək vacibdir. Bütün problemlərin həll olunduğunu düşünmək əvəzinə, daha bir addım irəli getmək üçün nələrin çatmadığı müəyyənləşdirilməlidir.
Emin Əmrullayev qeyd edib ki, təhsil prosesinin əsas məqsədi şagirdin öyrənməsidir. Müəllim dərs zamanı nəzərdə tutulan təlim nəticələrinə nail olmaqla yanaşı, şagirdin həqiqətən öyrəndiyinə əmin olmalıdır: “45 dəqiqənin sonunda, günün sonunda, həftənin sonunda və ya bir neçə ilin sonunda müəllim əmin olmalıdır ki, şagird öyrənir, yəni öyrənmə prosesi baş verir. Şagirdlər öyrənirsə, deməli, proses irəliyə doğru gedir. Daha sonra onların daha yaxşı və daha uğurlu necə öyrənə biləcəkləri barədə düşünə bilərik. Təhsil məsələləri ilə bağlı müzakirələrin mərkəzində şagird dayanmalıdır. Məktəbin fəaliyyətinin mahiyyəti və əsas məqsədi şagirdlərin öyrənməsi ilə bağlıdır”.