Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir
Bakı, 5 oktyabr, AZƏRTAC
İbtidai təhsilin sonunda əsaslı dəyişiklik görmədən tam orta və ali təhsildə ciddi irəliləyişə nail olmaq çətindir.
AZƏRTAC xəbər verir ki, bu fikri elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, ibtidai təhsil uzun illərdir Elm və Təhsil Nazirliyinin prioritet istiqamətlərindən biridir və bu sahədə həm sertifikatlaşdırma, həm də müəllimlərin işə qəbulu üzrə müsbət dinamika müşahidə olunur. Bu il IV sinif şagirdlərinin oxu bacarıqlarında ilk dəfə sıçrayış müşahidə edilib. Növbəti il açıqlanacaq PIRLS beynəlxalq tədqiqatının nəticələri də bu istiqamətdəki vəziyyəti daha aydın göstərməyə imkan verəcək.
Nazir qeyd edib ki, əvvəlki qiymətləndirmələrdə IV sinif şagirdlərinin təxminən 50-60 faizinin sonrakı siniflərdə təhsil almaqda çətinlik çəkdiyi müəyyənləşdirilib. Həmin şagirdlərin IV sinfin sonunda əldə etdikləri nəticələr V, VI və daha yuxarı siniflərdə təhsillərini uğurla davam etdirmələri üçün kifayət etməyib.
“Yaxşı xəbər odur ki, bu rəqəm əsaslı şəkildə azalıb. Son illərdə apardığımız daxili ölçmələrdə də, PIRLS nəticələrində də bunun əhəmiyyətli şəkildə azaldığını görə biləcəyik.
İbtidai təhsilin sonunda şagirdlərin növbəti təhsil mərhələsinə hazırlığının təmin edilməsi onların gələcək təhsil nəticələri baxımından mühüm əhəmiyyət daşıyır”,- deyə Emin Əmrullayev əlavə edib.