Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan qadınları tarix boyu cəmiyyətin inkişafında mühüm rol oynayıb, ölkənin ictimai-siyasi, elmi, mədəni və digər sahələrində fəal iştirak ediblər. Müasir dövrdə də qadınların hüquqlarının qorunması, onların potensialının reallaşdırılması və dövlət idarəçiliyində fəal iştirakının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının direktoru Ramin Rzayev Bakıda keçirilən “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfransda səsləndirilib.
Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev müasir Azərbaycanda qadın siyasətinin əsaslarını formalaşdırıb, qadınların hüquqlarının qorunması və potensiallarının reallaşdırılması üçün mühüm zəmin yaradıb.
“Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Müstəqil Azərbaycanda qadın hüquqlarının qorunması və qadınların cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsi istiqamətində həyata keçirilən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycan qadınları əvvəlki nəsillərin layiqli davamçıları kimi ölkəmizin inkişafına mühüm töhfələr verirlər”, – deyə Ramin Rzayev əlavə edib.
Fotoqraf - Səfiyar Məcnun