“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir
Bakı, 5 oktyabr, AZƏRTAC
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin İdarə Heyətinin sədri Xəyyam Əsgərov təşkilatın fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və növbəti dövr üzrə prioritetlər barədə məlumat verib. Ölkədə həyata keçirilən inkişaf siyasəti, sosial-iqtisadi inkişaf istiqamətləri, insan kapitalının inkişafı, innovasiyaların tətbiqi və müasir texnologiyalardan istifadənin genişləndirilməsi məsələlərinə toxunulub. Bu istiqamətlərin ictimai sektorun fəaliyyətində də nəzərə alınmasının və yeni yanaşmaların tətbiqinin əhəmiyyəti qeyd edilib.
Həmçinin rəqəmsal texnologiyaların və süni intellektin inkişafının yaratdığı imkanlara diqqət çəkilib. Bu texnologiyaların sosial layihələrin hazırlanması, informasiya və kommunikasiya proseslərinin təkmilləşdirilməsi və təşkilati fəaliyyətin səmərəliliyinin artırılması baxımından tətbiq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi qeyd olunub.
Beynəlxalq əməkdaşlıq istiqamətində fəaliyyətin genişləndirilməsi, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi, eləcə də Azərbaycanın sosial və ictimai inkişaf sahəsində əldə etdiyi təcrübənin beynəlxalq platformalarda təqdim olunması məsələlərinə də toxunulub.
İclas çərçivəsində təşkilatın sosial, humanitar, səhiyyə, ekologiya, təhsil, iqtisadiyyat, beynəlxalq əməkdaşlıq və digər istiqamətlər üzrə fəaliyyətinin genişləndirilməsi imkanları müzakirə olunub.