Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır
Bakı, 5 oktyabr, AZƏRTAC
Təhsil prosesində innovativ yanaşmaların tətbiqi və müəllimlərin peşəkar inkişafının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Milli-mənəvi dəyərlərin formalaşdırılması da təhsil sahəsində prioritet istiqamətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Adilə Əliyeva bildirib ki, “Regional İnkişaf” İctimai Birliyi fəaliyyətində elm və təhsil sahəsində həyata keçirilən layihə və tədbirlərə xüsusi önəm verir. Regionlarda təhsilə marağın artırılması, gənclərin yaradılan təhsil imkanları barədə maarifləndirilməsi və təhsilin davamlılığının təşviqi daim diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən işlər dövlətin elm və təhsil siyasətinin reallaşdırılmasına, habelə ölkədə təhsilin inkişafına dəstək vermək məqsədi daşıyır.
Adilə Əliyeva cari il ərzində Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi barədə məlumat verib. Bildirib ki, layihə Bakı, Mingəçevir, Ağdam və Xankəndi şəhərlərində yerləşən 6 məktəbdə həyata keçirilib və 24 müəllimi əhatə edib. Layihə çərçivəsində Bakıda müəllimlər üçün xüsusi düşərgə təşkil olunub, müxtəlif təlim və ustad dərsləri keçirilib. Daha sonra həmin müəllimlərin iştirakı ilə 120 şagird üçün müxtəlif təlimlər, ustad dərsləri və master-klaslar təşkil edilib. Layihənin sonunda Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Milli Xalq Oyunları Festivalı keçirilib.
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən əvvəlki illərdə də müxtəlif məzmunlu təhsil layihələri həyata keçirilib. Bu təşəbbüslər arasında inklüziv təhsilin inkişafına yönəlmiş layihələr xüsusi yer tutur.
Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universiteti ilə əməkdaşlıq çərçivəsində İnklüziv Təhsil Mərkəzləri yaradılıb, minlərlə müəllim, tələbə və valideyn təlimlərə cəlb olunub, inklüziv təhsil üzrə dərsliklər hazırlanıb və maarifləndirici materiallar təqdim edilib”,- deyə Adilə Əliyeva qeyd edib.
Adilə Əliyeva “Təhsildə yeni çağırışlar” beynəlxalq forumunun keçirilməsinin təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübənin və yeni yanaşmaların müzakirəsi baxımından əhəmiyyətini də qeyd edib.