ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb
Bakı, 5 oktyabr, AZƏRTAC
“Wall Street Journal” (WSJ) nəşrinin məlumatına görə, ABŞ terror hücumu şübhələrini əsas tutaraq Böyük Britaniyadakı “RAF Fairford” hava bazasından bütün bombardmançı təyyarələrini çıxarıb.
AZƏRTAC xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) qəzetə bildirdiyinə görə, hazırda “RAF Fairford”a yerləşdirilən bütün ABŞ bombardmançı təyyarələri Birləşmiş Ştatlardakı bazalarına qayıdıb.
Məlumata görə, Qlosterşirdəki “Fairford” hava bazasının yaxınlığında yerləşən Uelford kəndinin sakinləri hələ sentyabrın sonunda ərazidə üç şübhəli nəqliyyat vasitəsi tapıldıqdan sonra təxliyə ediliblər. Nəqliyyat vasitələrində olan beş Britaniya vətəndaşı saxlanılıb, əraziyə bombaların zərərsizləşdirilməsi üzrə hərbi qruplar yerləşdirilib. Bazaya terror hücumu riskinə diqqət yetirən Britaniya hakimiyyəti İranın bu məsələdə iştirakı ilə bağlı iddiaların araşdırıldığını bildirib.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem deyib: “Həftəsonu “RAF Fairford”da baş verənlərdə İranın rol oynadığına dair güclü əlamətlər var”
İrana hücumların başladığı 28 fevraldan bəri ABŞ hərbi təyyarələri “RAF Fairford” hava bazasından istifadə edib. Böyük Britaniya bazanın ABŞ tərəfindən müdafiə məqsədləri üçün istifadə edildiyini bildirsə də, “Chatham House” kimi beyin mərkəzləri və müstəqil analitiklər bunun əksini iddia edirlər.