Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm
Bakı, 5 oktyabr, AZƏRTAC
35 ildən artıqdır Bakı Dövlət Universitetinin Botanika kafedrasına rəhbərlik edən, biologiya elmləri doktoru, professor Elşad Qurbanov elm və təhsil sahəsində uzunillik fəaliyyəti, yetişdirdiyi alimlər və formalaşdırdığı elmi məktəblə seçilir. Bu illər ərzində professorun rəhbərliyi ilə 25-ə yaxın alim yetişib.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə AZƏRTAC-a müsahibəsində professor Elşad Qurbanov elmə gəlməsindən, müəllimlik fəlsəfəsindən, gənclərin elmə cəlb olunmasının yollarından və gələcək nəsillərə tövsiyələrindən danışıb.
Professorun elm yoluna gəlməsində doğulub boya-başa çatdığı kənd mühitinin mühüm rolu olub. Ziyalıları və alimləri ilə seçilən kənddə elmə qarşı sağlam rəqabət mühiti onun dünyagörüşünün formalaşmasına ciddi təsir göstərib. Uşaqlıq illərində kəndə qayıdan alim və müəllimlərə böyük rəğbətlə baxan Elşad Qurbanovun ən böyük arzularından biri ali təhsil alaraq müəllim olmaq olub. Bu istək onu ovaxtkı Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə gətirib və sonrakı həyatını elm və təhsilə bağlayıb.
Professor hesab edir ki, alimlik və müəllimlik bir-birini tamamlayan, ayrılmaz sahələrdir. Alim əldə etdiyi elmi yenilikləri tələbələrinə çatdırmaqla yanaşı, tələbələrin verdiyi suallar və fərqli baxışlar da müəllimi yeni araşdırmalara sövq edir. Onun fikrincə, müəllimlik və alimlik “qoşa qanad” kimi bir-birini tamamlayır.
Elşad Qurbanov müəllimin tələbənin gələcəyinə böyük təsir göstərə biləcəyini vurğulayır. Onun sözlərinə görə, hər tələbənin alim olması vacib deyil. Əsas məsələ istedadlı və elmə meyilli gəncləri vaxtında müəyyənləşdirmək, onlara düzgün istiqamət vermək və mentorluq etməkdir. Professorun uzunillik fəaliyyətinin ən böyük nəticələrindən biri də məhz bu istiqamətdə gördüyü işlərdir. Bu gün 25-ə yaxın alim yetişdirməsini özünün ən böyük uğurlarından və müəllimlik xoşbəxtliyindən biri hesab edir.
Professor gənclərin elmə marağının artırılmasında şəxsi iradə və zəhmətin xüsusi əhəmiyyət daşıdığını düşünür. Onun fikrincə, elm asan yol deyil və bu sahədə uğur qazanmaq üçün səbir, dözüm, iradə və güclü elmi potensial tələb olunur. O, tələbələrinə bakalavr və magistratura illərini yalnız diplom əldə etmək üçün deyil, möhkəm bilik qazanmaq üçün dəyərləndirməyi tövsiyə edir. Çünki bu illərdə formalaşan fundamental biliklər insanın sonrakı peşə və həyat yolunda daim ona yol göstərir.
Beynəlxalq Müəllimlər Günü münasibətilə həmkarlarına və tələbələrə müraciət edən professor müəllimliyi dünyanın ən ağır, eyni zamanda ən müqəddəs peşələrindən biri adlandırıb. Ümummilli Lider Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikrini xatırladan Elşad Qurbanov müəllimin yalnız bilik verən deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran ziyalı olduğunu bildirib: “Müəllim öz davranışı, dünyagörüşü, ziyalılığı və şəxsi nümunəsi ilə seçilməlidir. Müəllimlik fəaliyyəti yalnız öyrətməkdən ibarət deyil, müəllimin özü də daim öyrənməli və yenilənməlidir. Biz əvvəlcə valideynlərimizdən, sonra müəllimlərimizdən öyrənirik. Zaman keçir və biz tələbələrimizdən öyrənməyə başlayırıq. Şəxsən mən tələbələrimdən çox şey öyrənmişəm və öyrənməyə davam edirəm”.
Elşad Qurbanov bu əlamətdar gün münasibətilə Azərbaycanın bütün müəllimlərini təbrik edib, həmkarlarına səbir, dözüm və tükənməyən peşə həvəsi, tələbələrə isə elmə və biliyə maraq arzulayıb: “Yaxşı ki varsınız. Siz elmi və biliyi tələb etdikcə biz müəllimləri daim gənc və formada saxlayırsınız”.
Müxbir - Tünzalə Arazlı