Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol
Bakı, 5 oktyabr, AZƏRTAC
Müəllim şagird və tələbələrə yalnız bilik verməklə kifayətlənməməli, onlarda özünəinam formalaşdırmalı, müstəqil düşünmə və araşdırma aparmaq bacarığı yaratmalıdır. Gələcəyin alimlərinin yetişdirilməsində müəllimin elmi biliyi, pedaqoji təcrübəsi və tələbəyə fərdi yanaşması mühüm əhəmiyyət daşıyır.
Bunu 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının müəllimi, biologiya elmləri üzrə fəlsəfə doktoru Aqil Əhmədli deyib.
Alim bildirib ki, elm yolu çətin, məşəqqətli, eyni zamanda şərəfli yoldur. Bu yolda insanı hazırlayan müəllimlərin rolu əvəzsizdir. Pedaqoji və elmi fəaliyyətini paralel apardığını deyən alim bunun hər iki istiqamət üçün faydalı olduğunu bildirib. O, tələbələrdə elmə maraq oyatmağın əsas şərtlərindən birinin fərdi yanaşma olduğunu qeyd edib. Onun sözlərinə görə, bütün insanlar və tələbələr fərqlidir, onların öz maraq və motivasiyaları var. Buna görə də müəllim tələbələri müəyyən “qəlib”ə salmamalı, onlara seçim imkanı yaratmalıdır. “Tələbələr öz maraqlarının ardınca getməlidirlər. Siz onlara könüllü seçim şansı yaratdıqda, onlar öz istəkləri ilə elmə daha çox maraq göstərirlər. Müəllimin digər mühüm vəzifəsi tələbələri real elmlə və laboratoriya tədqiqatları ilə tanış etmək, onları elmi araşdırmalara cəlb etməkdir. Tələbələrə elmi biliyi necə və haradan almağı və sərbəst elmi araşdırma aparmağı öyrətmək lazımdır. Gənclərə lazım gəldikdə oxuduqları məlumatlara şübhə ilə yanaşmağı da öyrətmək lazımdır. Bu, elmi maraq oyatmağın vacib şərtidir”. O qeyd edib ki, müəllim elmin maraqlı tərəfləri ilə yanaşı, onun çətinliyini və ciddi nizam-intizam tələb etdiyini də tələbələrə çatdırmalıdır. Lakin bu zaman gənclərin özünəinamı zədələnməməli, əksinə, onlar ruhlandırılmalıdır.
O, gələcəyin alimlərinin yetişdirilməsi üçün müəllimin, ilk növbədə, ciddi elmi biliyə və yüksək tədqiqat aparmaq bacarığına malik olmasının vacibliyini vurğulayıb: “Çünki müəllim əvvəlcə özü yaxşı alim olmalıdır ki, o, gələcəyin alimini yetişdirə bilsin”. Onun sözlərinə görə, gələcəyin aliminin formalaşması uzunmüddətli prosesdir və burada gəncin özü ilə yanaşı, müəllim, təhsil müəssisəsi və digər amillər də mühüm rol oynayır.
Alim müəllimlərin tələbələrin hər bir kiçik uğurunu düzgün qiymətləndirməsinin də əhəmiyyətli olduğunu deyib. Onun sözlərinə görə, aşağı qiymətləndirmə gənclərdə ruh düşkünlüyü yarada bilər, həddindən artıq yüksək qiymətləndirmə isə gələcək inkişafa mane ola bilər. Yaxşı müəllimin gələcəyin alimini səbir, əzm və böyük qürurla yetişdirməli olduğunu deyən Aqil Əhmədli gənclərə ölkəyə sevgi aşılanmasının vacibliyini də vurğulayıb.
Müxbir - Tünzalə Arazlı