Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qadınların siyasi iştirakının hüquqi və institusional əsasları daha da möhkəmləndirilib. 1995-ci ildə qəbul edilən Konstitusiyada qadın və kişilərin hüquq və azadlıqlarının bərabərliyi fundamental prinsip kimi təsbit olunub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva "Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
Onun sözlərinə görə, həyata keçirilən siyasətin nəticələri bu gün parlamentin timsalında aydın görünür. “2024-cü il parlament seçkilərindən sonra formalaşan VII çağırış Milli Məclisdə 125 deputatdan 26-sı qadındır. Bu isə qadınların parlamentdə təmsilçiliyinin 2005-ci ildəki 11 faizdən 21 faizə yüksəldiyini göstərir. Hazırda qadın deputatlar Milli Məclisin 15 komitəsindən 5-də sədr müavini vəzifəsində təmsil olunurlar. Bu gün Milli Məclisdə filoloq, tarixçi, hüquqşünas, həkim, beynəlxalq münasibətlər və diplomatiya mütəxəssisi, iqtisadçı, menecer, pedaqoq, dilşünas, psixoloq, fizik və rəssam ixtisasına malik qadınlarımız fəaliyyət göstərir. Qadın deputatlar parlamentlərarası dostluq qruplarına rəhbərlik edir, Azərbaycan parlamentini üzv olduğumuz beynəlxalq təşkilatlarda müxtəlif vəzifələrdə təmsil edirlər", - deyə Jalə Əliyeva vurğulayıb.
Fotoqraf - Səfiyar Məcnun