Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova
Bakı, 5 oktyabr, AZƏRTAC
1984-cü ildən pedaqoji fəaliyyət göstərən Leyla İmranovanın müəllimlik yolu bir neçə nəslin məktəb həyatı ilə bağlıdır. Naxçıvan şəhər 5 nömrəli orta məktəbi və Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirən Leyla İmranova uzun illərdir tarix fənnini tədris edir. Hazırda Bakı şəhəri 32 nömrəli tam orta məktəbdə çalışan tarix müəllimi üçün bu peşə yalnız bilik ötürməkdən ibarət deyil.
Leyla İmranova AZƏRTAC-a müsahibəsində bildirib ki, müəllim əməyinin nəticəsi bəzən dərhal görünməsə də, illər sonra özünü şagirdlərinin həyatında göstərir. Müəllim sinifdə yalnız dərsin mövzusunu izah etmir, eyni zamanda, şagirdin qarşısında düşünmək, araşdırmaq və seçim etmək üçün imkan yaradır.
“İllər ərzində bir həqiqəti daha aydın dərk etmişəm: müəllimin əməyini yalnız dərsin sonunda əldə olunan nəticə ilə ölçmək olmaz. Müəllimin verdiyi bir fikir, etdiyi bir söhbət, şagirdə vaxtında söylədiyi bir söz onun yaddaşında uzun müddət qala bilər. Bəzən illər sonra keçmiş şagirdlərinizlə qarşılaşırsınız və onların həyatdakı mövqeyini, davranışını, qazandığı uğurları görəndə anlayırsınız ki, vaxtilə sinifdə apardığınız söhbətlər heç də boşa getməyib.
Müəllimlik mənim üçün daim hərəkətdə olmaq deməkdir. Bu peşəni seçən insan özünü yalnız bir dəfə təhsil almaqla məhdudlaşdıra bilməz. Müəllim hər il, hər gün nəsə öyrənməli, yeni yanaşmaları mənimsəməli, şagirdlərini daha yaxşı tanımağa çalışmalıdır. Çünki məktəb dəyişir, uşaqlar dəyişir, onların maraqları, dünyanı qavrama üsulları dəyişir. Müəllim də bu dəyişiklikləri görməli və öz işinə uyğunlaşdırmağı bacarmalıdır.
Xüsusilə indiki dövrdə şagirdin fikrinə qulaq asmaq çox vacibdir. Uşağın sual verməsinə, fərqli düşünməsinə, fikrini sərbəst ifadə etməsinə imkan yaratmaq lazımdır. Müəllim hər zaman yalnız danışan tərəf olmamalıdır. Bəzən bir şagirdi diqqətlə dinləmək, onun hansı məsələyə necə yanaşdığını anlamaq dərsi izah etmək qədər əhəmiyyətlidir. Səbir, qarşılıqlı hörmət və düzgün ünsiyyət müəllimlə şagird arasında sağlam münasibətin əsasını təşkil edir. Tarix müəllimi kimi mənim üçün ən vacib məsələlərdən biri şagirdlərə öz xalqının keçdiyi yolu tanıtmaqdır. Azərbaycan tarixini öyrənən uşaq bilməlidir ki, bu torpağın, bu dövlətçiliyin, bu mədəniyyətin arxasında böyük bir keçmiş dayanır. Tarixə münasibət yalnız keçmiş hadisələri yadda saxlamaqla məhdudlaşmamalıdır. Uşaq öyrəndiyi hadisələrin səbəbləri üzərində düşünməli, nəticələri görməli, xalqımızın əldə etdiyi nailiyyətləri və qarşılaşdığı çətinlikləri anlamalıdır. İstəyirəm ki, şagirdlərim öz tarixlərinə biganə qalmasınlar. Öz tarixini tanıyan, onun haqqında məlumatlı olan insanın milli yaddaşı daha möhkəm olur. Azərbaycan xalqının tarixində qürur duyacağımız çox böyük səhifələr, dövlətçilik ənənələri, mədəniyyət nümunələri və şəxsiyyətlər var. Bunları gənc nəslə düzgün çatdırmaq hər bir tarix müəlliminin məsuliyyətidir”,- deyə müsahibimiz qeyd edib.
Leyla İmranova bildirilib ki, müəllimlik insanı zamanla dəyişdirən peşələrdəndir: “Mən 1984-cü ildə bu yola başlayanda məktəbin, şagirdin və müəllimin imkanları bugünkü kimi deyildi. İllər ərzində təhsildə çox dəyişikliklər gördüm. Bu dəyişikliklərin hər biri müəllimdən yeni yanaşma tələb edib. Mən də çalışmışam ki, hər dövrdə öz işimə yenidən baxım.
Müəllim üçün ən vacib məsələlərdən biri özünün də öyrənməyə davam etməsidir. Hesab edirəm ki, müəllim “mən artıq hər şeyi bilirəm” dediyi gün inkişafdan dayanır. Hər yeni nəsil qarşımıza yeni suallar qoyur. Həmin suallara cavab vermək üçün müəllim də öz üzərində işləməlidir. Müəllim ömrü şam kimidir; o yanır, əriyir, kiçilir, amma onun işığı azalmır, əksinə, daha da çoxalır. Gənclərin, şagirdlərin timsalında bu işıqlar artır və hamının qürur duyduğu görkəmli insanlara çevrilir”.
Müxbir - Nərmin Muradzadə