Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr
Bakı, 5 oktyabr, AZƏRTAC
Coğrafiya yalnız xəritədən, ölkələrin, dağların və çayların adlarını öyrənməkdən ibarət deyil. Bu elm Yer planetində gedən və insan həyatına birbaşa təsir göstərən prosesləri öyrənir. Gənclərin coğrafiyaya marağının artırılması üçün bu elmin real həyatla əlaqəsi onlara daha aydın göstərilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun Geoekologiya laboratoriyasının müdiri dosent Tarixazər Stara deyib.
Alim bildirib ki, iqlim dəyişmələri, təbii risklər, sürüşmələr, sellər, eroziya, təbii ehtiyatlardan səmərəli istifadə, şəhərlərin inkişafı və ətraf mühitin qorunması kimi məsələlər coğrafi tədqiqatların əhəmiyyətini birbaşa nümayiş etdirir. Gənc insan coğrafi tədqiqatların nəticələrinin təbii təhlükələrin proqnozlaşdırılmasına və insanların təhlükəsizliyinin təmin edilməsinə xidmət etdiyini gördükdə, bu elmə münasibəti də dəyişir.
O bildirib ki, müasir texnologiyaların coğrafiya elminə gətirdiyi imkanlar da gənclərin marağının artırılmasında mühüm rol oynayır. Kosmik şəkillər, coğrafi informasiya sistemləri (CİS), rəqəmsal xəritələşdirmə və Yer səthinin məsafədən zondlanması kimi müasir vasitələr ərazilərin daha geniş və operativ şəkildə tədqiqinə imkan verir. Alim hesab edir ki, gənclərdə elmə maraq yaratmağın ən yaxşı yollarından biri onlara özlərini tədqiqatçı kimi sınamaq imkanı verməkdir. Gənclərə müşahidə etmək, suallar vermək, məlumatlarla işləmək, tədqiqatlar aparmaq və öz nəticələrini əldə etmək imkanı yaratmaq lazımdır. Əlbəttə, alim və müəllimin şəxsi nümunəsi də burada böyük rol oynayır. Gənc tədqiqatçıların potensialının inkişafı üçün yaxşı mentorlar, müasir avadanlıq və məlumatlarla işləmək imkanları, konfranslarda, ekspedisiyalarda və beynəlxalq layihələrdə iştirak üçün şərait yaradılmalıdır.
Alim elm yolunun uzunmüddətli təhsil, davamlı əmək və böyük məsuliyyət tələb etdiyini vurğulayıb. Onun fikrincə, gənclərin elm sahəsini seçməsinə təsir edən əsas məsələlərdən biri də gələcək karyera və sosial təminat imkanlarıdır. Ən vacib məsələlərdən biri gənclər üçün elə şərait yaratmaqdır ki, onlar elm yolunu seçərkən öz arzuları ilə layiqli həyat arasında seçim etmək məcburiyyətində qalmasınlar. Onlar həm sevdikləri işlə məşğul ola bilməli, həm də əməyinin layiqli qiymətləndirildiyini hiss etməlidirlər.
Tarixazər Stara müəllimin şagirdə elmin əzbərlənməli hazır faktlar toplusu olmadığını göstərməsinin vacibliyini qeyd edib: “Elm maraqdan, sualdan və həmin suala cavab tapmaq istəyindən başlayır. Müəllim şagirdi maraqlandıra bilirsə, ona əldə olunan biliklərin real həyatla əlaqəsini göstərirsə, özü müşahidə aparmaq, təhlil etmək və nəticə çıxarmaq imkanı verirsə, uşaqda tədqiqata maraq yaranır”. Onun sözlərinə görə, müəllimin öz peşəsinə həvəslə yanaşması, daim üzərində işləməsi və elmi tədqiqatlarla məşğul olması şagirdlərə də təsir edir. Alim qeyd edib ki, müəllimin vəzifəsi yalnız bilik vermək deyil, insanın bütün həyatı boyu davam edə biləcək maraq qığılcımı yaratmaqdır.
Müxbir-Tünzalə Arazlı