PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır
Bakı, 5 oktyabr, AZƏRTAC
Süni intellekt dövründə şagirdlərin məlumatı qiymətləndirmək, müxtəlif mənbələr arasında əlaqə yaratmaq və oxuduqları barədə tənqidi düşünmək bacarıqlarının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında təhsil və bacarıqlar üzrə direktor, PISA-nın yaradıcısı Andreas Şleyxer “PISA-dan çıxarılan dərslər: öyrənənləri gələcəyə hazırlamaq” mövzusunda videogörüntü ilə çıxışı zamanı deyib.
Andreas Şleyxer bildirib ki, son PISA məlumatları bir sıra ölkələrdə bütün bacarıqların təməli hesab olunan oxu bacarığının zəiflədiyini göstərir. Xüsusilə məlumatı təhlil etmək, müxtəlif mənbələri əlaqələndirmək və oxunan mətnə tənqidi yanaşmaq kimi bacarıqların zəifləməsi narahatlıq doğurur. Oxumaqdan zövqalma səviyyəsinin azalması və rəqəmsal oxuya keçid də bu prosesə təsir göstərir. Sosial media lentlərinin sürətlə nəzərdən keçirilməsi və məlumatların səthi şəkildə oxunması şagirdlərin dərin düşünmə bacarıqlarının inkişafına mane ola bilər.
PISA məlumatlarına əsasən, mətnləri ümumiləşdirmək kimi tapşırıqlarda süni intellekt çat-botlarından istifadə edən şagirdlərin oxu nəticələri bu alətlərdən istifadə etməyənlərlə müqayisədə daha aşağıdır. Bu şagirdlərin öyrənməyə daxili motivasiyalarının aşağı olduğunu bildirmə ehtimalı da daha yüksəkdir.
Andreas Şleyxer qeyd edib ki, süni intellektdən istifadəyə yanaşmada əsas məsələ bu alətlərin hansı məqsədlə tətbiq olunmasıdır. Təhsilalanların düşünmə və öyrənmə prosesini əvəz edən hazır cavab vasitəsinə çevrilməkdənsə, süni intellekt onların koqnitiv bacarıqlarını gücləndirən pedaqoji alət kimi istifadə edilməlidir.
O vurğulayıb ki, təhsil insanın müstəqil düşünmə, qeyri-müəyyən vəziyyətlərdə qərar qəbuletmə, mürəkkəb sosial münasibətlər qurma və yeni ideyalar yaratmaq bacarıqlarını inkişaf etdirməlidir.
“İşləri asanlaşdırmaq əvəzinə, insanları daha güclü etməliyik. Süni intellektdən öyrənməyə aparan qısa yol hazır cavab əldə etmək vasitəsi kimi deyil, düşünmə və öyrənmə bacarıqlarını gücləndirmək üçün pedaqoji məqsədlə istifadə olunan bir alət kimi yararlanmalıyıq”, - deyə Andreas Şleyxer bildirib.