Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
Budapeşt, 5 oktyabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə ictimai təhlükəsizliyin gücləndirilməsi məqsədilə polis əməkdaşlarının sayının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə yenidən yaradılmış Budapeşt İnkişaf Şurasının ilk iclasında hökumətin planları müzakirə olunub.
Baş nazir Peter Magyar paytaxtda polis əməkdaşlarının sayının ciddi şəkildə artırılmasının nəzərdə tutulduğunu bildirib.
Budapeşt meriyasının məlumatına görə, mümkün variantlardan biri nazirliklərdə mühafizə və təhlükəsizlik vəzifələrində çalışan polislərin digər mühafizə xidmətləri ilə əvəzlənməsidir. Beləliklə, həmin əməkdaşların paytaxtın müxtəlif ərazilərində polis xidmətinə cəlb edilməsi mümkün olacaq.
Qeyd edilib ki, Budapeşt polisi artıq yay aylarında ictimai asayişin qorunması üzrə genişmiqyaslı əməliyyat keçirib. Əməliyyatın ilk 30 günündə 11 min 167 nəfər yoxlanılıb, 252 nəfər saxlanılıb, daha 195 nəfər polis bölmələrinə aparılıb. Yoxlamalar məlumatlar, polis təcrübəsi və sakinlərin müraciətləri əsasında müəyyənləşdirilib. Polis quldurluq, narkotiklərlə bağlı hallar, asayişin pozulması, oğurluq və yol hərəkəti qaydalarının pozulmasına qarşı tədbirlər görüb.
Rəsmi açıqlamaya görə, növbəti iclaslarda hökumətlə şəhər rəhbərliyi arasında razılaşmanın detalları açıqlanacaq.