Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb
Paris, 5 oktyabr, AZƏRTAC
Parisdəki “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi ilə bağlı bir nəfər saxlanılıb. Hadisə oktyabrın 3-də axşam saatlarında, təmir işləri ilə əlaqədar muzeyin bağlı olduğu vaxt baş verib.
AZƏRTAC xəbər verir ki, Paris prokurorluğunun məlumatına görə, şübhəli şəxs muzeyə daxil olub və polis tərəfindən saxlanılaraq, nəzarətə götürülüb. Prokurorluq bildirib ki, hadisə zamanı heç bir sənət əsəri oğurlanmayıb.
Hadisə ilə bağlı yaşayış və ya anbar sahəsinə zorla daxil olmaqla oğurluğa cəhd maddəsi üzrə araşdırma başlanıb. İstintaq Parisin 8-ci rayon polis komissarlığı tərəfindən aparılır.
Prokurorluq şübhəlinin 1998-ci ildə anadan olduğunu açıqlasa da, onun kimliyi və hadisənin digər detalları barədə əlavə məlumat verməyib.
XVIII əsr incəsənətinin zəngin kolleksiyalarından birinə ev sahibliyi edən “Nissim de Camondo” muzeyi hazırda təmir səbəbindən bağlıdır. Muzeyin 2030-cu ildə yenidən ziyarətçilərin üzünə açılması planlaşdırılır.
Hadisə Fransadakı muzeylərə qarşı son dövrlərdə baş verən oğurluq cəhdləri silsiləsinin fonunda diqqət çəkir. 2025-ci ilin oktyabrında Luvr muzeyində baş verən və qiymətli zinət əşyalarının oğurlanması ilə nəticələnən geniş rezonans doğurmuş qarət hadisəsindən sonra Fransanın Mədəniyyət Nazirliyi muzeylərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi planını açıqlamışdı.
Bu çərçivədə nazirlik iyul ayında bəzi nümayiş etdirilən əşyaların müvəqqəti olaraq vitrinlərdən çıxarılmasını da tövsiyə etmişdi.