Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim
Bakı, 5 oktyabr, AZƏRTAC
20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Gülbahar Quliyeva 2012-ci ildə 606 balla Azərbaycan Dillər Universitetinə qəbul olub. 2021-ci ildə müəllimlərin işə qəbulu imtahanında ölkə üzrə 16-cı nəticəni göstərərək 159 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 2025-ci ildə müəllimlərin sertifikatlaşdırılması imtahanında 56 bal toplayıb. Həmin il müəllimlərin işə qəbulu imtahanında 100 bal nəticə göstərib. 2025-ci ildən etibarən 20 nömrəli məktəb-liseydə ingilis dili fənnini tədris edən Gülbahar Quliyeva AZƏRTAC-a müsahibəsində müəllimlik peşəsinə münasibətindən, şagirdlərdən öyrəndiklərindən, müasir müəllimin rolundan, onlara aşıladığı dəyərlərdən və pedaqoji fəaliyyətində onu sevindirən məqamlardan danışıb.
“Məncə, müəllimlik bir həyat missiyasıdır. Çünki biz bu peşəni yalnız iş kimi qəbul etmirik. Müəllimlik zaman keçdikcə həyatımızın əsas hissələrindən birinə çevrilir və gündəlik fəaliyyətimizdən tutmuş insanlarla münasibətimizə qədər bir çox məqamda özünü göstərir. Bu peşəni seçməyimə təsir edən əsas amil öyrətməyə olan həvəsim və ölkəmizin gələcəyi olan uşaqların formalaşmasına töhfə vermək istəyim olub. Mənim üçün müəllim olmaq şagirdə müəyyən bilikləri çatdırmaqla bitmir. Qarşındakı uşağın gələcəyində müəyyən iz buraxmaq, onun dünyagörüşünün formalaşmasına, özünü ifadə etməsinə və cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişməsinə töhfə vermək böyük məsuliyyətdir.
Şagirdlərlə birlikdə olduğum hər gün mən də onlardan nəsə öyrənirəm. Onların həyata baxışı, hadisələrə münasibəti, fərqli düşüncə tərzi bəzən mənim də dünyaya baxışımı dəyişir. Bu baxımdan müəllim və şagird münasibətini birtərəfli proses kimi qəbul etmirəm. Müəllim şagirdə bilik ötürən tərəf olmaqla yanaşı, ondan öyrənməyi də bacarmalıdır. Çünki hər nəslin öz dünyası, öz maraqları və öz yanaşması var.
Müəllimin işi uşağa yalnız fənni öyrətməklə məhdudlaşmamalıdır. Biz onların şəxsiyyət kimi formalaşmasına, mənəvi və əxlaqi dəyərləri mənimsəməsinə də çalışmalıyıq. İngilis dili müəllimi olaraq mənim üçün də dərsin məqsədi yalnız şagirdin müəyyən sözləri, qaydaları və qrammatik strukturları öyrənməsi deyil. Əsas məsələ öyrəndiyi bilikdən düzgün istifadə edə bilən, dünyagörüşü formalaşmış və cəmiyyət qarşısında məsuliyyətini dərk edən gənc yetişdirməkdir. Müasir dövrün tələbləri dəyişib və müəllim də bu dəyişikliklərə uyğunlaşmalıdır. Əvvəllər müəllimdən əsasən bilik tələb olunurdusa, hazırda qarşıya qoyulan vəzifələr daha genişdir.
Bu baxımdan müəllimin öz üzərində işləməsi xüsusilə vacibdir. Çünki müəllim inkişaf etdikcə şagirdinə də daha çox şey verə bilir. Şagirdlərimə ən çox verdiyim məsləhət bilikli və savadlı fərdlər olmaqdan əvvəl mənəvi-əxlaqi dəyərlərə sahib insanlar kimi formalaşmalarıdır. Mənəvi dəyərləri olmayan insan nə qədər savadlı olsa da, cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilməkdə çətinlik çəkə bilər. Ona görə də təhsilin məqsədini yalnız yüksək nəticə göstərmək kimi görmürəm. Əsl nəticə savadı, bacarığı və düzgün dəyərləri bir araya gətirə bilən insan yetişdirməkdir.
Müəllim kimi fəaliyyətimdə məni ən çox sevindirən məqam şagirdlərimin gözündə gördüyüm sevinc və öyrənmək istəyidir. Dərsdə bir mövzunu izah etdikdən sonra şagirdin onu həqiqətən anladığını görmək, sual verməsi, maraqlanması, daha çox öyrənmək istəməsi mənim üçün çox dəyərlidir”,- deyə Gülbahar müəllimə qeyd edib.
Müsahibimiz üçün müəllimlik fəaliyyətində ən böyük uğur şagirdlərində öyrənməyə maraq və həvəs yarada bilməkdir. Xüsusilə şagirdin əvvəllər maraq göstərmədiyi bir fənnə münasibətinin dəyişdiyini, öyrənməyə həvəs göstərdiyini görmək müəllim üçün ən xoşbəxt anlardandır. Müəllimin əsas uğuru yalnız şagirdin yüksək nəticə göstərməsi deyil, həm də onun özünəinamının formalaşmasına, gələcək seçimlərinə və inkişafına müsbət təsir göstərə bilməsidir. Şagirdlərinin qazandığı müxtəlif nailiyyətlərin hər birinin onun üçün xüsusi dəyər daşıdığını vurğulayan Gülbahar Quliyeva qeyd edib ki, illər ərzində yetişdirdiyi şagirdlərin böyüdüyünü, öz yollarını seçdiyini və həyatda uğur qazandığını görmək ona böyük qürur verir. Müəllim hesab edir ki, pedaqoq üçün ən böyük qazanc şagirdinin həyatında yaxşı mənada iz buraxa bilməkdir.
Müxbir - Nərmin Muradzadə