İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan parlamentarizminin tarixi XX əsrin əvvəllərinə, Rusiya imperiyasının Dövlət Dumasında Azərbaycan nümayəndələrinin fəaliyyət göstərdiyi dövrə qədər uzanır. Parlamentarizmin keçdiyi tarixi yolun araşdırılması ölkədə parlament sisteminin müxtəlif dövrlərdə necə formalaşdığını və cəmiyyətin inkişafına təsirini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri MDB Parlamentlərarası Assambleyası Şurası Katibliyi rəhbərinin müavini, MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) direktoru, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının təhsil sahəsinin fəxri işçisi İvan Muşket Azərbaycan Respublikasının Milli Məclisi və MDB PA əməkdaşlığı çərçivəsində keçirilən “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfransdakı çıxışında səsləndirib.
İ.Muşket bildirib ki, MDB PA DİMBİ-nin Bakı filialı tərəfindən Azərbaycanın parlamentarizm tarixinin araşdırılması istiqamətində mühüm elmi tədqiqat aparılıb. "Araşdırmanın nəticələrindən biri “Parlamentarizm tarixində qadınlar” adlı kitabın hazırlanmasıdır. Bu tədqiqat keçmişlə bu gün arasında əlaqəni ortaya qoyur, demokratiyanın fundamental institutlarından biri olan parlament sisteminin Azərbaycanın tarixinin müxtəlif dövrlərində necə dəyişdiyini və bu dəyişikliklərin cəmiyyətin və dövlətin inkişafına necə təsir göstərdiyini nümayiş etdirir”, - deyə İ.Muşket vurğulayıb.
Fotoqraf - Səfiyar Məcnun