Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də açıqlanan gəmiçilik məlumatlarına görə, Hörmüz boğazından keçən gəmilərə edilən hücumlara baxmayaraq, sentyabrın son həftəsində Yaxın Şərqdən xam neft ixracı yeddi günün dördündə müharibədən əvvəlki səviyyələri üstələyib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, gəmilərin hərəkətini izləyən “Kpler” şirkətinin ilkin məlumatlarına əsasən, regiondan xam neft ixracı sentyabrın 24-də, eləcə də sentyabrın 27-dən 29-dək olan dövrdə müharibədən əvvəlki göstəriciləri keçərək gündəlik 19,5 milyon ilə 22,5 milyon barel aralığına yüksəlib. İran müharibəsindən əvvəl – cari ilin fevral ayına qədər ixrac həcmi orta hesabla gündəlik 18 milyon barel təşkil edirdi.
Məlumatlar göstərir ki, oktyabrın 1-də xam neft ixracı üzrə 7 günlük hərəkətli orta göstərici gündəlik 18,5 milyon barel səviyyəsində olub. Bu rəqəmlərə Hörmüz boğazı və Qırmızı dəniz vasitəsilə tranzit, terminallardan ixrac və Oman körfəzində gəmidən-gəmiyə yükaşırma əməliyyatları daxildir.
“Kpler”in məlumatlarına görə, sentyabrın 30-dək olan yeddi gün ərzində xam neft, neft məhsulları, kimyəvi maddələr və qaz olmayan maye məhsulların ümumi həcmi orta hesabla gündəlik 22,4 milyon barel təşkil edib.
Sentyabr ayında Hörmüz boğazından keçən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan yüklərin sayı da artaraq fevral ayından bəri ən yüksək aylıq səviyyəyə çatıb.
Bu rəqəmlərə aşkar edilməmək üçün Avtomatik İdentifikasiya Sisteminin (AIS) transponderləri söndürülmüş vəziyyətdə boğazdan keçmiş ola biləcək gəmilər daxil edilməyib.
İranla müharibənin başladığı 28 fevral tarixindən əvvəl Hörmüz boğazından gündəlik orta hesabla təxminən 125 iri kommersiya gəmisi (tankerlər, qaz daşıyıcıları, quru yük gəmiləri və konteynerdaşıyıcılar daxil olmaqla) keçirdi. Bu isə dünya üzrə gündəlik xam neft və LNG təchizatının təxminən 20 faizini təşkil edirdi.