Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır
Bakı, 5 oktyabr, AZƏRTAC
Tofiq Bəhramov adına Respublika Stadionu 1960-cı illərdən bəri neçə-neçə futbol nəslinin şahidi olub. Bizim də gəncliyimiz bu meydanda keçib. Əvvəl gənc futbolçu kimi gəlib karifeylərin oyununa baxardıq, sonradan özümüz burada çıxış etdik. Hazırda da milli komandamız, “Qarabağ” və digər klublarımız öz oyunlarını bu arenada keçirirlər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyi ilə bağlı danışarkən deyib.
Stadionla bağlı unudulmaz xatirələrini bölüşən mütəxəssis Azərbaycan futbolu üçün tarixi anları xatırlayıb: “Bu meydanda çoxlu qələbələrimiz, məğlubiyyətlərimiz olub. Yadıma düşən ilk böyük zəfər Azərbaycan millisinin 1995-ci ildə İsveçrə yığması üzərində qazandığı tarixi qələbədir. Həmin qarşılaşmanı Ümummilli Lider Heydər Əliyev də izləyirdi. Şahidi olduğumuz ilk böyük qələbə məhz bu stadionda qeydə alınıb. Ondan əvvəl ev oyunlarımızı Türkiyədə keçirirdik”.
Arif Əsədov stadionun müasir görkəmini və sentyabrın 4-də keçirilən yubiley matçının əhəmiyyətini də vurğulayıb: “Hazırda stadionumuz müasir stildə yenidən qurulub. Burada tarixi matçın şahidi olduq. Vaxtilə bu meydançanın açılışında “Neftçi” ilə Litvanın “Spartak Vilnüs” (hazırkı “Jalgiris”) klubu qarşılaşmışdı. İndi isə 75 illik yubiley münasibətilə həmin tarix bir daha yad edildi”.
Qeyd edək ki, yubiley matçı “Neftçi”nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.
Müxbir-Mikayıl Məmmədov