Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər
Bakı, 5 oktyabr, AZƏRTAC
Klinik təcrübədə ən çox rast gəlinən ağciyər patologiyaları sırasına xroniki obstruktiv ağciyər xəstəliyi, bronxial astma, pnevmoniya, xroniki bronxit və ağciyər fibrozu daxildir. Xroniki obstruktiv ağciyər xəstəliyi tənəffüs yollarında hava axınının uzunmüddətli və davamlı şəkildə məhdudlaşdığı xəstəlikdir. Tütün istifadəsi xroniki obstruktiv ağciyər xəstəliyinin əsas səbəblərindən biridir. İlkin əlamətlərə uzun müddət davam edən, xüsusilə səhərlər daha çox müşahidə olunan bəlğəmli öskürək, tədricən artan nəfəs darlığı, fiziki fəaliyyət zamanı tez yorulma və tənəffüs yolu infeksiyalarının tez-tez təkrarlanması daxildir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.
Mütəxəssisin sözlərinə görə, bronxial astma tənəffüs yollarının xroniki iltihabı ilə əlaqəli xəstəlikdir. Bu zaman bronxlar müəyyən amillərə qarşı daha həssas olur və müvəqqəti olaraq darala bilər. Astmanın əsas əlamətləri tutma şəklində nəfəs darlığı, xırıltılı nəfəsalma, döş qəfəsində sıxılma hissi və quru öskürəkdir. Əlamətlər gecə və ya səhər saatlarında, həmçinin allergenlər, soyuq hava və fiziki aktivlik zamanı arta bilər.
Pnevmoniya ağciyər toxumasının infeksion iltihabıdır. Xəstəliyə bakteriyalar, viruslar və daha nadir hallarda göbələklər səbəb ola bilər. Əsas əlamətlərə qızdırma, üşütmə, bəlğəmli öskürək, döş qəfəsində ağrı, nəfəsalmanın sürətlənməsi və ümumi halsızlıq daxildir.
Xroniki bronxit uzun müddət davam edən bəlğəmli öskürəklə xarakterizə olunur. Bu vəziyyət, xüsusilə uzun müddət tütün məhsullarından istifadə edən insanlarda müşahidə oluna bilər. Əsas əlamətlər davamlı bəlğəmli öskürək, nəfəsalma zamanı xırıltı və tənəffüs yolu infeksiyalarına meylliliyin artmasıdır. Uzun müddət davam edən və xarakteri dəyişən öskürək, səbəbsiz çəki itkisi, döş qəfəsində ağrı və səsdə dəyişikliklər digər xəstəliklərdə də müşahidə oluna bilər. Həmin əlamətlər uzun müddət davam etdikdə həkim müayinəsi vacibdir. Erkən müayinə xəstəliyin vaxtında aşkar edilməsinə və müalicəyə daha tez başlanmasına imkan yaradır.
“Pnevmoniyadan qorunmaq üçün bir sıra mühüm tədbirlər görülə bilər. Bunlardan biri peyvəndlənmədir. Pnevmokok peyvəndləri, xüsusilə yaşlı insanlar, xroniki ürək və ağciyər xəstəlikləri, eləcə də immun sistemi zəif olan şəxslər üçün əhəmiyyətlidir. Qrip peyvəndinin hər il yenilənməsi də vacibdir, çünki qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər. Gündəlik həyatda sadə gigiyena qaydalarına əməl etmək də faydalıdır. Əlləri müntəzəm yumaq, xəstə insanlarla yaxın təmasdan mümkün qədər çəkinmək və qapalı məkanları yaxşı havalandırmaq infeksiyaların yayılma riskini azaltmağa kömək edir. Tütün məhsullarından uzaq durmaq da pnevmoniya riskini azaltmaq baxımından vacibdir. Həmçinin spirtli içki istifadəsi immun sistemini zəiflədə bilər. Diabet, ürək çatışmazlığı və xroniki obstruktiv ağciyər xəstəliyi kimi xroniki xəstəliklərin nəzarətdə saxlanması məsləhətdir. Udma problemi olan şəxslərdə qidanın tənəffüs yollarına düşməsi pnevmoniya riskini artıra bilər. Buna görə də, belə şəxslərdə qidalanma qaydalarına xüsusi diqqət yetirilməlidir. Balanslaşdırılmış qidalanma və orqanizmin ehtiyac duyduğu vitamin və mineralların kifayət qədər alınması da immun sisteminin normal fəaliyyətini dəstəkləyir”, - deyə G.Əliyeva qeyd edib.