AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini
Bakı, 5 oktyabr, AZƏRTAC
İnsanın gələcək alim, mütəxəssis və şəxsiyyət kimi formalaşmasında müəllimin rolu əvəzsizdir. Müəllim yalnız bilik öyrətmir, həm də şagirdini həyata hazırlayır, onun dünyagörüşünün və gələcək istiqamətinin formalaşmasına mühüm təsir göstərir. Müəllimin hətta duruşu, geyimi, davranışı tələbə və şagirdləri üçün bir örnək olmalıdır.
Bu sözləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə AZƏRTAC-a açıqlamasında biologiya sahəsində tanınmış alim, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov deyib.
Alim bildirib ki, insanın formalaşması, əslində, doğulduğu gündən başlayır. Valideynlərin uşağa münasibəti, onun davranışlarına yanaşması bu prosesdə mühüm rol oynayır. Lakin insan ilk sistemli təhsilini. O, ilk müəllimlərini minnətdarlıqla xatırlayıb. Qeyd edib ki, ona ilk “A” hərfini öyrədən Ağa müəlliminin və digər ibtidai sinif müəllimlərinin həyatında böyük rolu olub. Saleh Məhərrəmov orta məktəb müəllimlərinin də şagirdlərin gələcək peşə və ixtisas seçimində mühüm rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, vaxtilə orta məktəbdə hansı fənni tədris edən müəllimin səviyyəsi yüksək idisə, şagirdlərin də həmin istiqamətə marağı daha çox olurdu.
AMEA-nın müxbir üzvü elm və təhsilin vəhdətinin yüksəksəviyyəli mütəxəssis hazırlığında mühüm əhəmiyyət daşıdığını qeyd edib: “Elm və təhsil vəhdət təşkil edəndə, mənə elə gəlir ki, təhsil yüksək səviyyədə olur. Çünki elmsiz təhsil yoxdur. Təhsildə insanlara, tələbələrə aşılanan yeniliklər elmdə qazanılıb”.
Alim universitetlərdə tədqiqat laboratoriyalarının və araşdırma mərkəzlərinin fəaliyyət göstərməsinin tələbələrin elmə və tədqiqatlara marağının artırılmasına mühüm təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, tələbələrin laboratoriya işləri ilə yanaşı, müəllimlərin elmi-tədqiqat fəaliyyəti ilə məşğul olması təhsil prosesinin keyfiyyətini yüksəldir və gələcək mütəxəssislərin elmə marağını artırır. Saleh Məhərrəmov müəllimin şagird və tələbədə gələcək alim potensialını üzə çıxarmasının xüsusi əhəmiyyət daşıdığını bildirib: “Yalnız test nəticələri uşağın təfəkkürünü və elmi potensialını tam müəyyənləşdirməyə imkan vermir. Əgər uşaq, hər hansı bir tələbə oxuduğu haqqında müzakirə edə bilirsə, mülahizə irəli sürə bilirsə, demək, onun potensialı vardır. Sadəcə olaraq əzbərləməklə bunlara nail olmaq olmaz. Tədqiqat aparmaqla yanaşı, əldə olunan nəticələri müzakirə etmək, əlaqələndirmək və onların praktikada necə tətbiq oluna biləcəyini düşünmək də vacibdir. Əsl müəllim isə dərs dediyi şagirdin gələcək potensialını görməyi və qiymətləndirməyi bacarmalıdır.
Müxbir - Tünzalə Arazlı