Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir
Ağdam, 5 oktyabr, AZƏRTAC
Aqrar Biznes Festivalları fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri, müasir texnologiyalar, aqrar məhsul və xidmətlər barədə birbaşa məlumat əldə etdiyi, yeni tərəfdaşlıqlar qurduğu və biznes əlaqələrini genişləndirdiyi mühüm platformaya çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdam şəhərində keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Aqrar Biznes Festivalları çərçivəsində sahibkarlığın inkişafına dəstək məqsədilə kredit yarmarkaları təşkil edilir, panel müzakirlərində aqrar sektora dövlət dəstəyi mexanizmləri, subsidiyalar, aqrar sığorta imkanları və digər maliyyə alətləri barədə məlumatlar təqdim edilir.
Eyni zamanda, festivallarda startap zonası təşkil edilir və aqrar startapçılar burada innovativ həll və məhsullarını nümayiş etdirirlər.
Festivallar çərçivəsində keçirilən toxum sərgi-satış yarmarkaları da fermerlərin keyfiyyətli və sertifikatlı toxumlara çıxış imkanlarının genişləndirilməsinə, yerli istehsalçıların məhsullarının tanıdılmasına və toxumçuluğun inkişafına xidmət edir.
Eyni zamanda, bölgələrdə təşkil olunan məhsul festivalları, regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılmasına, brendləşdirilməsinə, aqroturizmin inkişafına və yerli məhsulların bazara çıxış imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.
“Əsas hədəfimiz bundan sonra da fermerin yanında olmaq, onun müasir texnologiyalara, keyfiyyətli toxuma və innovativ həllərə çıxışını genişləndirmək, aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaqdır. Əminəm ki, dövlət, fermer, biznes, elm və texnologiya arasında əməkdaşlığın daha da gücləndirilməsi ölkəmizin aqrar sektorunun inkişafına mühüm töhfə verəcək", - deyə Məcnun Məmmədov bildirib.
Müxbir - Tahir Ağaməmmədov