Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir
Bakı, 5 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra qarşıda duran yeni vəzifələr və ölkənin gələcək inkişaf istiqamətləri baxımından mühüm mesajlarla yadda qaldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın yeni inkişaf mərhələsinin əsas istiqamətləri aydın şəkildə ortaya qoyuldu. Bu mərhələnin əsasını güclü dövlətçilik, iqtisadi və hərbi potensialın daha da möhkəmləndirilməsi, əldə edilmiş Zəfərin nəticələrinin qorunması, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsi təşkil edir. YAP Qurultayının keçirildiyi tarixi mərhələ əvvəlki qurultaylardan prinsipial şəkildə fərqlənir. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş ölkə kimi yeni siyasi və geosiyasi reallıqda fəaliyyət göstərir.
Nadir Azərinin sözlərinə görə, 8 Noyabr 2020-ci il Qarabağ Zəfərinin, 20 Sentyabr 2023-cü il isə Azərbaycanın separatizmə son qoyaraq dövlət suverenliyini tam bərpa etməsinin rəmzinə çevrilib. Bu iki tarixi hadisə Azərbaycanın qarşısında tamamilə yeni siyasi, iqtisadi və sosial perspektivlər açıb. Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir. Bu baxımdan Azərbaycan Prezidentinin çıxışında səsləndirilən güclü dövlət, iqtisadi müstəqillik, hərbi potensialın gücləndirilməsi və milli maraqların qorunması ilə bağlı tezislər xüsusi əhəmiyyət daşıyır. Böyük Qayıdış da məhz bu yeni mərhələnin mühüm istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri yalnız dağıdılmış şəhər və kəndlərin yenidən qurulması deyil, eyni zamanda insanların öz doğma yurdlarına qayıtması və həmin ərazilərdə yeni həyatın formalaşdırılması prosesidir.
O əlavə edib ki, bu baxımdan Zəfər yalnız 2020-ci ilin hərbi nəticəsi kimi qiymətləndirilə bilməz. Zəfərin davamı bu gün azad edilmiş ərazilərdə qurulan yeni şəhərlərdə, kəndlərdə, yaradılan infrastrukturda, geri qayıdan insanların həyatında və Azərbaycanın ümumi inkişafında özünü göstərir. Prezident İlham Əliyevin Qurultaydakı çıxışı məhz bu baxımdan Azərbaycanın qarşıdakı dövr üçün inkişaf fəlsəfəsini də ortaya qoyur - əsas məsələ əldə etdiyimiz tarixi Zəfəri qorumaq, dövlətimizi daha da gücləndirmək, iqtisadi və hərbi imkanlarımızı artırmaq və Böyük Qayıdış prosesini uğurla başa çatdırmaqdır. Lakin Azərbaycanın yeni mərhələdə qarşısında duran hədəflər yalnız Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə məhdudlaşmır. Bu proses bütövlükdə Azərbaycanın daha güclü, daha dayanıqlı və müasir dövlət kimi inkişafının tərkib hissəsidir.