Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan dövlətçiliyinin tarixində 3 oktyabr 1993-cü il ən önəmli hadisə kimi yaddaşlarda qalıb. Xalqımız həmin gün taleyüklü məsələni həll edərək, Ümummilli Lider Heydər Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsinə tərəfdar çıxdı. Birmənalı olaraq qeyd etmək lazımdır ki, xalqımız Heydər Əliyevin 1969-1982-ci illərdə hakimiyyətdə olduğu dövrdə ölkəmiz üçün gördüyü möhtəşəm işləri unutmamışdı və Azərbaycanı tərəqqiyə, yeni böyük uğurlara aparacağına tamamilə əmin idi. Prezident İlham Əliyev həmin tarixi hadisəni xatırlayaraq demişdir ki, “müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nizami Səfərov bildirib
O xatırladıb ki, AXC-Müsavat hakimiyyətinin keçən əsrin sonlarındakı fəaliyyəti Azərbaycanın ən yeni tarixində qeyri-peşəkar idarəetmə, iqtisadi, siyasi, sosial sahələrdə xaos, özbaşınalıq dövrü kimi yaddaşlarda qalıb: “Yalnız Ulu Öndərin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və iqtisadi-siyasi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ən mühüm məsələlər sırasında xüsusi yeri tutan güclü və nizami ordunun yaradılmasını prioritet kimi müəyyən edən Ümummilli Lider 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında qeyd etmişdi ki, Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az işlər görülüb. Azərbaycanın ərazi bütövlüyünü təmini, respublikanın müdafiəsi üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir. Birmənalı olaraq, əldə etdiyimiz böyük Zəfərin, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının təməli Ulu Öndər tərəfindən qoyulub".

Onun sözlərinə görə, Ümummilli Liderin inkişaf və tərəqqi strategiyasını parlaq formada həyata keçirən Prezident İlham Əliyevin möhtəşəm səyləri nəticəsində bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturası əhəmiyyətli dərəcədə dəyişib, Azərbaycan qlobal miqyasda ən ciddi söz sahibi olub: "Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır.
Bu gün Azərbaycan Ümummilli Liderin strategiyası əsasında inamla irəliləyir və dövlət başçısının vurğuladığı kimi, Ulu Öndər Heydər Əliyevin siyasi xətti dəyişməz olaraq qalır.
Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, hüquqi, demokratik, dünyəvi dövlətin yaranması, milli dəyərlərimizin qorunub saxlanması, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir", - deyə deputat əlavə edib.