Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
Bakı, 3 oktyabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı milli dövlətçilik tariximizin ən mühüm dönüş nöqtələrindən biridir. 1993-cü ildə xalqın iradəsi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkəni mürəkkəb siyasi, iqtisadi və hərbi böhrandan çıxararaq müstəqil dövlətçiliyin möhkəm əsaslarını formalaşdırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əfəndi İbrahimli söyləyib.
O qeyd edib ki, 1993-cü il oktyabrın 3-ü Azərbaycan xalqının yaddaşında xüsusi tarixi əhəmiyyət daşıyan günlərdən biridir. Məhz həmin gün xalq öz iradəsini nümayiş etdirərək Heydər Əliyevi Azərbaycanın Prezidenti seçdi. Bu seçim ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin xalqın etimadını qazanaraq ölkəyə rəhbərlik etməsi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, sabitliyin təmin olunması və dövlət quruculuğunun sürətləndirilməsi istiqamətində mühüm dönüş yaratdı.

“Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasını müəyyənləşdirdi, milli həmrəyliyi və dövlət institutlarını gücləndirdi, ölkənin iqtisadi potensialının artırılması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün mühüm addımlar atdı. Onun siyasi irsi Azərbaycanın gələcək inkişafı üçün möhkəm dövlətçilik məktəbinə çevrildi.
Bu böyük siyasi irsin müasir mərhələdə layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev oldu. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi siyasi kursu yeni dövrün reallıqlarına uyğun şəkildə davam etdirərək Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətini daha da artırdı”, - deyə politoloq bildirib.
O qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpa olunması bu dövlətçilik yolunun ən mühüm tarixi nəticələrindən oldu.
“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə həmin təməl üzərində Azərbaycanı Tarixi Zəfərə apardı. Bu gün ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycan Ulu Öndərin dövlətçilik ideyalarının və onların müasir mərhələdə uğurla davam etdirilməsinin parlaq nəticəsidir”, - deyə Əfəndi İbrahimli əlavə edib .