Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir
Bakı, 5 oktyabr, AZƏRTAC
Güclü və keyfiyyətli təhsil cəmiyyətin təməlidir. Müəllim isə hər bir şagirdin gələcəyinə işıq salmaqla ölkənin inkişafına mühüm töhfə verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sitarə Abbasova deyib. O, müəllim peşəsinin cəmiyyətin gələcəyinin formalaşdırılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb.
“Yaxşı təhsil cəmiyyətin təməlidir və onu inkişafa, uğura doğru aparan ən güclü vasitədir. Müəllimə ən yüksək adı Ümummilli Liderimiz Heydər Əliyev verib. O, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyib. Arzu edirəm ki, müəllimlərimizin yandırdıqları işıq hər bir şagirdin gələcəyinə töhfə verə bilsin, Ümummilli Liderimizin verdiyi dəyəri doğrultsun. Unutmamalıyıq ki, hər məktəbdə yanan işıq, hər məktəbdə yetişən, düzgün tərbiyə olunan və bacarıqları inkişaf etdirilən şagird Azərbaycanın gələcəyidir, təhsilimizin gələcəyidir. Müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Çünki onların əməyi yalnız bu günün deyil, gələcəyin də formalaşmasına təsir edir. - deyə Sitarə Abbasova bildirib.
Qeyd edək ki, Sitarə Abbasova 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təlim-tərbiyə sahəsində yüksək nailiyyətlərinə görə “Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunan bir qrup təhsil işçisi sırasında yer alıb.