Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur
Bakı, 5 oktyabr, AZƏRTAC
Müəllimlik yalnız şagirdə bilik vermək deyil, onun şəxsiyyət kimi formalaşmasına, potensialının üzə çıxarılmasına və gələcəyə hazırlanmasına istiqamət verməkdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 132-134 nömrəli Təhsil Kompleksinin müəllimi Ülviyyə Nağıyeva deyib. Müsahibimiz qeyd edib ki, xüsusilə ibtidai sinif müəllimi şagirdin həyatında mühüm rol oynayaraq onun dünyagörüşünün, dəyərlərinin və özünəinamının formalaşmasına təsir göstərir.
On dörd ildir pedaqoji fəaliyyətlə məşğul olan müsahibimizin fikrincə, şagirdlərin həyatında ibtidai sinif müəlliminin xüsusi yeri var. Müəllim uşaqları həyata hazırlamaqla yanaşı, onlarda sevgi, hörmət və vətəndaşlıq hisslərinin formalaşmasına da töhfə verir.
“İbtidai sinif müəllimi şagirdlərin həyatında iz qoyur. O, uşaqları həyata hazırlayır, onları təhsilə yönəldir, sevgi, hörmət və vətəndaşlıq hisslərini aşılayır. Mən şagirdlərimi çox sevirəm. Düşünürəm ki, müəllimin missiyası yalnız tədris proqramını şagirdlərə mənimsətməkdən ibarət deyil. Müəllim şagirdi vətəndaşlıq və azərbaycançılıq ideyaları əsasında cəmiyyətə hazırlamalıdır. Şagird vətənini sevirsə, onun gələcək inkişafı üçün atılan digər addımlar da daha uğurlu olacaq.
Müəllimlik yalnız dərs demək və bilik ötürmək deyil. Müəllimlik uşağın həyatına toxunmaq, onun potensialını görmək, özünəinamını formalaşdırmaq və gələcəyə istiqamət verməkdir. Bu peşəni seçmək mənim uşaqlıq arzum olub. Yaxşı müəllimlərlə əhatə olunmağım da bu seçimimə təsir göstərib. Mən onlardan öyrəndiklərimi bu gün də şagirdlərimə öyrədirəm. Buna görə özümü çox xoşbəxt hiss edirəm”, - deyə Ülviyyə Nağıyeva bildirib.