Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır
Bakı, 5 oktyabr, AZƏRTAC
Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır. Bu iki istiqaməti özündə üzvi şəkildə birləşdirən alim-pedaqoqlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilirlər.
Bunu 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə AZƏRTAC-a açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, 58 illik elmi-pedaqoji təcrübəyə malik, tarix elmləri doktoru, Azərbaycanın Əməkdar müəllimi, UNEC professoru Hidayət Cəfərov deyib.
Professor bildirib ki, müəllimin mütləq dissertasiya müdafiə edərək alimlik dərəcəsi alması vacib deyil. Eyni zamanda, hər bir elm adamının yaxşı müəllim olması da şərt deyil. Onun sözlərinə görə, bəzi alimlər auditoriyada mühazirə oxumaqda və gənclərlə təmasda çətinlik çəkə, yaxud yaxşı müəllim olduqları halda elmi yaradıcılıqdan uzaq qala bilərlər. İdeal halda bu iki sahəni özündə üzvi surətdə birləşdirənlər cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Alim qeyd edib ki, müəllim yalnız dərs öyrətmir, həm də şagirdin düşüncəsini, özünəinamını və həyata baxışını formalaşdırır. Müəllimin əsas missiyalarından biri şagirddə elmə və öyrənməyə maraq yaratmaq, onun potensialına inanmaq və düzgün istiqamət göstərməkdir. Onun sözlərinə görə, müəllim şagirdə müstəqil düşünməyi, hazır cavabları qəbul etmək əvəzinə araşdırmağı öyrətməli, eyni zamanda, öz davranışı, ədaləti və elmə münasibəti ilə nümunə olmalıdır. İstedadlı müəllimin bir sözü belə şagirdin həyatında dönüş nöqtəsi ola bilər.
Professorun fikrincə, gəncdə gələcək alim potensialını yalnız qiymətlərindən deyil, onun düşüncə tərzindən və marağından müəyyən etmək mümkündür. Gənclərdə elmi araşdırmalara, tədqiqatlara həvəs yaratmaq, onların potensialını üzə çıxarmaq və inkişafları üçün stimul yaratmaq lazımdır. Elmə yeni qədəm qoyan gənclərə vaxtında dəstək göstərilməsi, onların tədqiqatçılıq vərdişlərinin, müstəqil düşünmə və analitik araşdırma bacarıqlarının inkişaf etdirilməsi vacibdir. Alim gənc tədqiqatçı üçün bir sıra mühüm xüsusiyyətləri də diqqətə çatdırıb. Onun sözlərinə görə, gənc daha çox sual verməli, “Niyə belədir?”, “Bunu necə dəyişmək olar?” kimi suallar üzərində düşünməli, bir mövzu ilə kifayətlənməyərək daha dərindən araşdırma aparmalıdır. Elm aləminə gələrkən özündə səbirli olmağı tərbiyə etməli, nəticə alınmayanda yenidən cəhd etməlidir. Alim olmaq arzusunda olan gənc müstəqil düşünməyi – öz fikrini formalaşdırmaqdan çəkinməməyi vərdiş halına gətirməlidir. Gənc tədqiqatçı öz yaradıcılığında problemlərə fərqli və yeni yanaşmalar tapmağa cəhd etməlidir. Elm adamı səhvdən qorxmamalı - səhvi uğursuzluq deyil, öyrənmə vasitəsi kimi görməlidir.
Hidayət Cəfərov gələcək alim üçün ən güclü xüsusiyyətlərdən birinin öyrənmək istəyi olduğunu bildirib: “Ən güclü əlamət “Mən bunu bilmirəm, amma öyrənmək istəyirəm” düşüncəsidir. Çünki böyük alimlərdə elmə aparan əsas xüsusiyyət məhz davamlı maraq və öyrənmək istəyidir”. Onun sözlərinə görə, qabaqcıl təcrübəyə malik müəllim dərsdə real həyatdan nümunələr göstərməklə, öz tədqiqatlarının nəticələrini tələbələrlə müzakirə etməklə, onları fərdi layihələrə və elmi tədbirlərə cəlb etməklə elmə marağı artıra bilər: “Bunun üçün müəllim seçdiyi peşəni ürəkdən sevməli və bunu şəxsi nümunəsi ilə nümayiş etdirməlidir. 58 illik elmi-pedaqoji təcrübəmdən çıxış edərək deyə bilərəm ki, gənc nəslə inam və dəstək həmişə öz bəhrəsini verir”.
Gənclərə müraciət edən alim onları öyrənməkdən, sual verməkdən və araşdırmaqdan çəkinməməyə çağırıb: “Elm öyrənməyə maraq göstərin, müəllimlərinizdən öyrənin və özünüzdə “Mən də nəsə kəşf edə bilərəm” inamını yaradın”.
Müxbir -Tünzalə Arazlı