Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir
Astana, 5 oktyabr, AZƏRTAC
Aktau limanında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımaların səmərəliliyinin artırılmasına yönəlmiş əsas dərinləşdirmə işlərinə başlanılıb.
AZƏRTAC Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, işlərin aparılması zərurəti Xəzər dənizinin səviyyəsinin davamlı azalması ilə bağlıdır. Layihə çərçivəsində təxminən 1,3 milyon kubmetr qruntun çıxarılması nəzərdə tutulur ki, bunun nəticəsində liman akvatoriyasının dərinliyi 6-7 metrədək artırılacaq.
Gözlənilir ki, dərinləşdirmə işləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcminin 30 faizədək artmasına şərait yaradacaq, həmçinin dəniz yolu ilə yükdaşımaların maya dəyərinin təxminən 10-15 faiz azalmasına imkan verəcək.
İşlərin cari ilin sonunadək başa çatdırılması planlaşdırılır.