Kosmosdan dinc məqsədlərlə istifadə haqqında Antalya Bəyannaməsini 21 ölkə təsdiqləyib
Bakı, 5 oktyabr, AZƏRTAC
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bazar günü bildirib ki, 21 ölkədən 32 iştirakçı Antalya Bəyannaməsini qəbul edib və imzalayıb. Bu sənəd Beynəlxalq Astronavtika Konqresinin (IAC) nazirlər və parlament üzvlərinin iclasında qəbul edilib.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, türkiyəli nazir bildirib: “Nazirlər, parlament üzvləri və kosmos agentliklərinin rəhbərlərindən ibarət 21 ölkədən 32 mötəbər iştirakçının bu sənədi qəbul və təsdiq etməsindən məmnunuq”.
O qeyd edib ki, sənəd Beynəlxalq Astronavtika Federasiyasının (IAF) qlobal əməkdaşlığın inkişafındakı mühüm rolunu bir daha təsdiqləyir, Bəyannaməyə hələ qoşulmamış digər ölkələri və beynəlxalq təşkilatları onu qəbul etməyə çağırır.
İclas 38 ölkəni təmsil edən nazirləri, qanunvericiləri, parlament nümayəndə heyətlərini, kosmos agentliklərinin rəhbərlərini və beynəlxalq təşkilatların yüksəkvəzifəli şəxslərini bir araya gətirib.
İştirakçılar açıq kosmosun sülh məqsədilə tədqiqi və istifadəsi, kosmik missiyalar, kosmos hüququ, inkişaf etməkdə olan ölkələrin qlobal kosmos ekosisteminə inteqrasiyası və dayanıqlı kosmos iqtisadiyyatının inkişafı kimi strateji məsələləri müzakirə ediblər.
Türkiyə 5-9 oktyabr tarixlərində Antalyada 75-ci Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Hər il keçirilən konqres Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası ilə IAF tərəfindən təşkil olunur. Bununla yanaşı, Türkiyə Kosmos Agentliyi və “SAHA İstanbul” tədbirin dəstəkçiləri qismində çıxış edirlər.