İdeologiya ətrafında birləşməyən cəmiyyəti parçalamaq, itaətdə saxlamaq asan olur - ŞƏRH
Bakı, 5 oktyabr, AZƏRTAC
Tarixin ən ağır sınaqlarından çıxan Yeni Azərbaycan Partiyası (YAP) bu gün nəinki ölkəmizin, eləcə də Cənubi Qafqazın ən nüfuzlu siyasi partiyasına çevrilib. Bu partiyanın qurucusu xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanı xarici təsir və daxili bədxahlardan müdafiə edərək sarsılmaz dövlət qurdu. YAP-ın həm cəmiyyətdə, həm də beynəlxalq aləmdə güclü siyasi təşkilata çevrilməsinin əsas səbəbi, onun müasir dövrdə Qərbin siyasi partiyaları kimi hakimiyyət uğurunda mübarizə aparmaq üçün deyil, milli dəyərlərə və ideoloji əsaslar üzərində yaranması təşkil edir.
AZƏRTAC xəbər verir ki, tanınmış filosof Edmund Börk özünün siyasi görüşlərində partiyanın hamının qəbul etdiyi müəyyən bir prinsip (ideologiya) əsasında, birgə səylərlə milli maraqları inkişaf etdirmək üçün birləşmiş insanlar birliyi olduğunu bildirib. O, partiyaları şəxsi mənfəət güdən "fraksiyalardan" fərqləndirərək, onları dövlət idarəçiliyində ideoloji sabitliyin təminatçısı hesab edirdi.
Onun fəlsəfi düşüncəsinə görə, yalnız milli maraqlar əsasında formalaşmış ideyanın ətrafında birləşən siyasi təşkilat uğur qazana bilər. YAP məhz dövlətçilik, azərbaycançılıq ideyaları ilə yaranan siyasi partiya idi və buna görə də kütlələri özünə cəlb etmişdir.
Bu gün YAP-ın dövlət idarəçiliyindəki uğuru və cəmiyyətdəki nüfuzunun əsasında onun ideoloji xətti dayanır. Milli təhlükəsizlik məsələsi yalnız ordu quruculuğu, müstəqillik və suverenliyin qorunmasında deyil, eyni zamanda, cəmiyyətin milli ideologiya əsasında birləşməsində özünü əks etdirir.
YAP-ın VIII qurultayında, proqram xarakterli nitqində partiya Sədri, Prezident İlham Əliyev bu barədə deyib: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir....”
İdeologiya ətrafında birləşməyən bir cəmiyyəti parçalamaq, onu itaətdə saxlamaq, dövlətinin sərvətlərini talamaq, geosiyasi proseslərdə ondan sui-istifadə etmək çox asan olur. Bu gün müxtəlif xarici dövlətlərin ərazisindən Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması da təsadüfi xarakter daşımır. Azərbaycan güclənib qlobal siyasətin subyektinə çevrildikcə, onu kənarlaşdırıb yerini tutmaq istəyənlər xüsusi xidmət orqanlarının köməkliyi ilə ölkəmizə qarşı ideoloji təxribatlar həyata keçirməyə cəhd edirlər.
Yaxın tariximizdə bir sıra ölkələrdə rəngli inqilablar, insan hüquqlarının qorunması adı altında müdaxilələr, demokratiya bəhanəsi ilə törədilən dövlət çevrilişlərinin nəticələri göz önündədir. Ukrayna, İraq, Liviya və başqa ölkələrin vəziyyəti onu deməyə əsas verir ki, bu ölkələrə edilən ideoloji təxribat daxilidəki ictimai-siyasi sabitliyi pozdu və müxtəlif saxta ideologiyalar ətrafında birləşən qruplar silahlı münaqişə yaratdılar. Xalqlar isə mərhumiyyətlər içində yaşamaq məcburiyyətində qalıb. Prezident İlham Əliyevin ideoloji işin yenilənməsi haqqında dediyi fikirlər də məhz ölkədəki ictimai-siyasi sabitliyi qoruyub saxlamağa, dayanıqlı inkişafı təmin olunmasına yönəlib.
Tanınmış filosof Tomas Mor özünün siyasi traktatlarında yazırdı ki, ideoloji “silah” texniki silahlardan daha təhlükəlidir. İdeoloji təhlükə cəmiyyətin mənəvi dəyərlərini, milli və dövlət təhlükəsizliyini hədəf alan yad təsirlər, radikal təlimlər və təxribatçı fikirlərdir. Bu cür təhdidlər dövlətin təməl prinsiplərini zəiflətmək və ictimai sabitliyi pozmaq məqsədi daşıyır. İdeoloji təsir həmişə açıq şüarlarla gəlmir. Bəzən yumşaq güc və ya gizli şəbəkələr vasitəsilə yayılır. Radikalizm, dini və ya siyasi ekstremizm cəmiyyətdə qarşıdurma yaratmaq üçün əsas vasitələrdəndir. İdeoloji təhlükəsizlik milli təhlükəsizliyin ən vacib tərkib hissəsidir.
Bu gün Qərbin bəzi siyasi dairələri Azərbaycanda iqtisadi maraqlarını təmin etmək məqsədilə milli maraqları, milli dəyərləri, mentaliteti, adən-ənənələri, yerli xalqın xüsusiyyətlərini nəzərə almadan “demokratiya” ideyalarını yaymağa çalışırlar. Bunun üçün də bəzi qrupları maliyyələşdirir onları dövlətimizə qarşı təbliğata yönəldirlər ki, maraqlarını təmin etsinlər. Əslində isə onların əsas məqsədi dominantlıq etmək, ölkəmizi koloniyaya çevirib sərvətlərini talamaqdan və varlanmaqdan ibarətdir. Əlbəttə demokratiya heç də mənfi siyasi sistem deyil. Lakin bu sistem yadellilər tərəfindən deyil, xalqın özünün tarixin inkişafı prosesində qurduğu bir sistem olmalıdır. Bu ideologiyanın bizim xalqımıza sırınmasının səbəbi heç də xalqımıza istək və sevgidən irəli gəlmir. Əgər həmin dairələr doğurdan da Azərbaycan xalqının qayğısına qalırlarsa onda nəyə görə 30 ilə yaxın bir müddətdə 1 milyondan çox qaçqın və məcburi köçkünün Qarabağdan qovulmasına göz yumdular? Bu sual hər bir məqamı aydınlaşdıraraq çirkin niyyətləri ortaya çıxarır.
Təsadüfi deyildi ki, Prezident İlham Əliyev qurultayda çıxışında “Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil”, - dedi. Bu kömək və himayədarlığın arxasında dərin məqsədlər dayanır. Azərbaycan Zəfər qazanaraq özünün varlığını, dünya siyasətində aktor olduğunu göstərdi. Bundan narahat olan həm regional, həm də qlobal güclər ideoloji təxribatlara əl atırlar.
Tanınmış ABŞ politoloq və filosofu, Harvard Universitetinin professoru Frensis Fukuyama “Siyasi qaydaların mənbəyi” əsərində yazır ki, stimul olmadıqda heç bir cəmiyyətə müdaxilə etmək olmaz. Bu gün Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi inkişaf etdirərək müdaxilə üçün heç bir stimul yaratmır ki, bundan da istifadə edib ölkəmizə müdaxilə edə bilsinlər.