Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ
Bakı, 5 oktyabr, AZƏRTAC
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilmiş “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsində pulsuz hüquqi yardım göstərilən şəxslər müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, sənəd layihəsinə əsasən, bu Qanunla müəyyən edilmiş hallarda və qaydada ilkin hüquqi yardım almaq, habelə bu Qanunun 6.2-ci, 6.4-cü və 6.5-ci maddələri nəzərə alınmaqla cinayət işləri və inzibati xətalara dair işlər üzrə zərərçəkən qismində tanınması, digər dövlət orqanlarında (qurumlarında) təmsil edilməsi ilə əlaqədar peşəkar hüquqi yardım almaq hüququna malik olan şəxslər aşağıdakılardır:
- hüquqi yardıma ehtiyacı olan, lakin göstərilən yardıma görə xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan (maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan aşağı olan) aztəminatlı şəxslər:
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- əlilliyi olan işləməyən şəxslər;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyatda olan şəxslər;
Eyni zamanda, hüquqi yardıma ehtiyacı olan digər şəxslər:
- şəhid ailələrinin üzvləri;
- müharibə veteranları;
- insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
- "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" Qanuna uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər; 6.1.2.5. yetkinlik yaşına çatmayan şəxslər;
- qaçqın statusu almış şəxslər, Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslər;
- valideyn himayəsindən məhrum olmuş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər;
- cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (cəzaçəkmə müəssisəsindən azad edildiyi gündən 1 (bir) il müddətinə);
- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər.
Qanun layihəsinə əsasən, peşəkar hüquqi yardımı ödəmək üçün kifayət qədər vəsaiti olmayan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə müdafiəçi tərəfindən, xüsusi ittihamçıya onun nümayəndəsi tərəfindən, insan alveri qurbanına, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə vəkil tərəfindən, habelə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxsə (zərər çəkmiş şəxsin yaxın qohumu və ya digər qohumu) vəkil tərəfindən Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək. Həmçinin Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş şəxslərə, habelə inzibati mübahisələrə dair işlər üzrə məhkəmədə təmsil edilməsi ilə əlaqədar şəxslər həmin Məcəlləyə və İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardımdan yararlanacaqlar.
Bundan başqa, inzibati qaydada tutulmuş şəxslərə, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək. Eyni zamanda, hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçiyə Konstitusiya Məhkəməsində təmsil edilməsi ilə əlaqədar bu Qanuna, "Konstitusiya Məhkəməsi haqqında" və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.