Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində
Şəki, 5 oktyabr, AZƏRTAC
Uğurla davam edən V Şəki Beynəlxalq Teatr Festivalının növbəti günü Azərbaycan Dövlət Pantomim Teatrının təqdim etdiyi Nikolay Qoqolun “Şinel” povesti əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə yadda qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, rəqslərin quruluşu isə Elnur İsmayılov və Ceyhun Dadaşovdur.
Səhnə əsərində şinel müxtəlif insanların əlinə keçir. Tamaşada şinelə sahib olan şəxsin cəmiyyətdə daha çox diqqət, hörmət və sevgi qazandığı göstərilir.
Əməkdar artist Nargilə Qəribovanın, aktyorlar Elnur İsmayılov, Əli Əlizadə, Nuridə Musabəyli, Cavad Nuriyev, Hilal Dəmirov, Nurlan Süleymanlı və Zəhra Hüseynovanın rol aldığı tamaşa teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Sonda teatr kollektivinə Şəki Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi, festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.
Müxbir - Rasim İslamoğlu