Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Milli Kitabxanada Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gün münasibətilə “4 oktyabr – Cəbrayıl Şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, sərgilərdə Cəbrayıl şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, həmçinin Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.