Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq
Bakı, 3 oktyabr, AZƏRTAC
“Cənnətin iqamətgahı” filminin əsas yol xəritəsi Ümummilli Lider Heydər Əliyevin 1980-ci ildə Ordubad haqqında söylədiyi “Ordubad Azərbaycanın incisidir” fikri oldu. Biz də filmin hazırlanması prosesində məhz bu fikri rəhbər tutduq.
Çəkilişlər zamanı bir çox dəyişikliklər etdik. Layihəni hazırlayarkən nələri çəkəcəyini bilirsən, amma çəkiliş meydançasına gedəndə, tarixi və məkanı yaxından gördükdə proses özü də dəyişir. Yeni məqamlar kəşf edir, onları filmin vizual həllinə daxil etməyə çalışırsan. Vizual ifadə bu gün sənədli kino üçün olduqca vacibdir.
Bunu AZƏRTAC-a açıqlamasında “Cənnətin iqamətgahı” sənədli-etnoqrafik-musiqili filmin ssenari müəllifi və quruluşçu rejissoru Kamran Qasımov deyib.
O, Ordubadın 12 kəndində olduqlarını və çəkilişlər apardıqlarını bildirib: "Hər kəndin özünəməxsus mənzərəsi, adət-ənənəsi və həyat tərzi var. Ordubad böyük bir məkandır və onun bütün zənginliyini 46 dəqiqəlik filmə sığdırmaq mümkün deyil. Bununla belə, biz şəhərin ümumi kontekstində kəndlərin ab-havasını və adətlərini də göstərməyə çalışmışıq. Musiqiçilərimiz də Ordubadda bir neçə gün qalaraq çəkilişlərdə iştirak etdilər. Mən onlara deyirdim ki, musiqini ifa edərkən bu şəhərin tarixini hiss etməlisiniz".
Kamran Qasımov diqqətə çatdırıb ki, “Cənnətin iqamətgahı” Azərbaycan irsinin, xüsusilə də Ordubadın zəngin tarixi, mədəni və etnoqrafik irsinin tanıdılmasında mühüm rol oynayacaq.