Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır
Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından 30 il keçir. O, həm bizim ailəmizin, həm də xalqımızın yaddaşında öz əqidəsinə və dəyərlərimizə sadiq görkəmli yazıçı, dramaturq, unudulmaz şəxsiyyət və insan kimi yaşayır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, İlyas Əfəndiyevin nəvəsi Günay Əfəndiyeva jurnalistlərə açıqlamasında deyib.
Günay Əfəndiyeva bildirib ki, İlyas Əfəndiyev heç zaman yaşadığı sistemin yazıçısı olmayıb və onun yaradıcılığı bu gün də aktuallığını qoruyur. İlyas Əfəndiyev yaradıcılığının əsas xəttini insan, onun düşüncələri, hissləri və həyəcanları, eləcə də cəmiyyəti narahat edən problemlər təşkil edir. Azərbaycanın dövlətçiliyi, tarixi və Qarabağ mövzusu da onun yaradıcılığında mühüm yer tutur.
Günay Əfəndiyeva İlyas Əfəndiyevin xatirəsinə həsr olunan tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə təşəkkür edib. O bildirib ki, əlverişsiz hava şəraitinə baxmayaraq, çoxsaylı sənətsevərlər, yazıçılar, yaradıcı insanlar, teatr xadimləri, aktyor və rejissorlar tədbirə qatılaraq görkəmli sənətkarın xatirəsini yad ediblər.
“Düşünürəm ki, onun da ruhu şaddır”, – deyə Günay Əfəndiyeva vurğulayıb.