Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycanlı sənətkarlar Azərbaycan Turizm Bürosunun Türkiyədəki rəsmi nümayəndəliyi və İstanbuldakı Baş Konsulluğumuzun təşkilati dəstəyi ilə İstanbulda təşkil olunan “CraftIstanbul” 7-ci Beynəlxalq Əl Sənətləri və Dizayn Sərgisində təmsil olunurlar.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə azərbaycanlı sənətkarlardan Mətanət Mirzəliyeva ənənəvi ipək kəlağayı nümunələrini, Səməni Qasımova isə kilim nümunələrini təqdim edir. Onlar ziyarətçiləri bu sənətlərin arxasındakı ustalıq və hekayələrlə tanış edirlər. Əl işləri Azərbaycanın nəsildən-nəslə ötürülən, bu gün də yaşadılan sənətkarlıq ənənələrinə yaxından nəzər salmaq imkanı yaradır.
Ziyarətçilər təqdim olunan nümunələr və onları hazırlayan sənətkarlar vasitəsilə kəlağayının, kilimlərin hazırlanma texnikaları, eləcə də bu sənətlərə özünəməxsusluq verən mədəni ənənələr haqqında məlumat əldə edirlər. Təqdimatın mərkəzində irsi yaşadan insanlar və onların əməyi dayanıb. Bu yanaşma ənənəvi sənətkarlığın Azərbaycanın bugünkü mədəni həyatındakı yerini göstərir.
Qeyd edək ki, Türkiyənin əl sənətləri, dizayn və mədəni irs sahəsində aparıcı beynəlxalq platformalarından biri olan “CraftIstanbul”un 7-ci sərgisi 220 sərgi iştirakçısını, 600-dən çox sənətkar və dizayneri, eləcə də 50 beynəlxalq iştirakçını bir araya gətirir. Oktyabrın 4-dək davam edəcək sərgi çərçivəsində 150-yə yaxın seminar və müxtəlif tədbirlər təşkil olunacaq.
Sərgiyə 30 mindən çox ziyarətçinin gələcəyi gözlənilir.